Mobil versiya
Ulu Öndər Heydər Əliyev və dünya Azərbaycanlılarının həmrəyliyi
Tarix: 27-12-2023 | Saat: 15:05
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyev və dünya Azərbaycanlılarının həmrəyliyi

31 dekabr 1989-cu ildə onminlərlə naxçıvanlı SSRİ-nin Araz çayı sahilindəki dövlət sərhədinin tikanlı məftillərini sökdülər. Bu hadisəni müstəqilliyimiz yolunda atılan ilk addım adlandıran və əlamətdar gün kimi  rəsmiləşdirən ulu öndər Heydər Əliyevin arzularını Prezident, Ali Baş Komandan İlham Əliyev «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır» sözləri ilə əbədiləşdirdi
Ötən əsrin sonlarında  «qüdrətli sovetlərin» süquta uğraması,  müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda başlanan azadlıq hərəkatları, Ermənistanın torpaqlarımıza təcavüzü, Topxana meşəsinin qırılması ilə başlanan ümumxalq etirazı, dövlətçilik təcrübəsi olmayan təsadüfi adamların hakimiyyətə gəlməsi ilə ölkəmizdə yaranan xaos və  qarşıdurma müstəqilliyimizi istəməyən qüvvələrə, daşnakların «böyük Ermənistan» xülyalarına dəstək verənlərə məqsədlərinə çatmaq üçün geniş imkan yaratmışdı. 1989-cu ilin noyabr-dekabr aylarında  artıq Azərbaycan faktiki olaraq idarə olunmurdu. Həmin dövrdə iqtidarda olanların paytaxtla əlaqəsi kəsilən muxtar respublikada  yaranan gərginliklə maraqlanmaması, süni olaraq yaradılan «Naxçıvan problemi» Ermənistanın illərdən bəri sahib çıxmağa çalışdığı  bu qədim diyarı müdafiəsiz qoymuşdu.
1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı erməni separatçılarının qeyri-qanuni hərəkətlərinə SSRİ rəhbərliyi tərəfindən   lazımi qiymət verilməməsi Naxçıvanı  təhlükə altına almışdı. Kremldə çoxluq təşkil edən ermənilərdən istifadə edən daşnaklar muxtar respublika ilə bağlı iddialarını açıq şəkildə bildirirdilər.  Son iki əsrdə dəfələrlə azərbaycanlıları deportasiyaya məruz qoyan ermənilər  ilk mərhələ kimi sonuncu soydaşlarımızı  da  tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan qovaraq xalqımıza qarşı etnik təmizləmə siyasətlərini həyata keçirdilər.  Məqsədlərinə nail olmaq üçün  əvvəlcə özlərinin kabusu hesab etdikləri  Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin  birinci   müavini  Heydər Əliyevi  Kremldən uzaqlaşdıran «yanlar» Azərbaycana qarşı torpaq iddialarını irəli sürdülər.
Naxçıvanda vəziyyət daha acınacaqlı idi.  Ermənilərin blokadaya aldığı muxtar respublika paytaxtdan aralıda yerləşdiyi və iqtidarın bu bölgəyə ögey münasibəti Naxçıvanı hər an gözlənilən erməni təcavüzü ilə üz-üzə qoymuşdu. Bu vəziyyətdən istifadə edən ermənilər muxtar respublikaya da əl uzatdılar. İlk hədəf  Sədərəkdən 10 kilometr aralıda yerləşən və hər tərəfdən Ermənistanla əhatə olunan Kərki anklavı idi. 1989-cu ilin dekabrında  vəziyyət daha da gərginləşdi. Kəndi qorumaq üçün hər birində 15 nəfər könüllü  olmaqla üç yerdə postlar qurulsa da, Kərkini qorumaq üçün lazımi qüvvə, mərkəzdən dəstək və silah yox idi. O zaman SSRİ-nin cənub sərhədlərini qoruyan və Naxçıvanda yerləşən sovet əsgərləri  kəndi qoruyacaqları vədini verərək sakinləri evlərini tərk etməyə məcbur etdilər.  Könüllülər kəndi tərk etdikdən az sonra sovet əsgərləri  Kərkini ermənilərə təhvil verdilər. Beləliklə,  70 ilə yaxın bir ailənin üzvü kimi birləşdiyimiz  «ümumi evimizdə bir qardaşın digər qardaşın torpağının işğalına  razılıq verən» İttifaqın ermənipərəst  rəhbərləri xalqımıza qarşı  xəyanət etdilər. 
Həmin günlərdə muxtar respublikada yaranan  itaətsizlik, paytaxtla əlaqələrin kəsilməsi, insanların məlumatsızlığı vəziyyəti qarşısıalınmaz dərəcədə gərginləşdirmişdi.   Muxtar respublikanı müdafiə etməyən İttifaqa qarşı etirazını bildirən yerli əhali bir yerə toplaşaraq Araz çayı boyunca çəkilmiş tikanlı  məftilləri, dirəkləri sökdülər. İki qardaşı biri-birindən  ayıran həsrət çəpərləri dağıdıldı. İllərdən bəri o taylı, bu taylı qardaşları ayıran Araz  artıq vüsal çayı kimi əlçatan oldu. O illərdə baş verənləri sonrakı çıxışlarında xatırlayan ulu öndər Heydər Əliyev «Sərhəd hərəkatı»nın əhəmiyyətini qeyd edərək bildirmişdir ki,  vətənpərvər gənclərin heç bir təhlükədən qorxmayaraq  quş keçməyən sərhədləri sökmələri müstəqilliyin əbədilik rəmzi idi:  «Mən Moskvada olarkən bu hərəkatın cinayətkar bir tədbir kimi qələmə verildiyinin şahidi oldum. Sov. İKP Mərkəzi Komitəsi və onun tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu vətənpərvərlik  hərəkatına  böhtançı  qiymət vermişdir.»
Naxçıvandan başlanan bu prosesə qara yaxmağa çalışan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr müstəqilliyə yönələn bu hərəkat barədə  dünya ictimaiyyətinə yanlış məlumat verərək  iştirakçıları cinayətkar,  ekstremist, narkoman  adlandırdılar. Ölkənin kommunist ruhlu  kütləvi informasiya  vasitələri  sərhədlərin sökülməsini vəhşilik  kimi qələmə verdi,  nəyin bahasına olursa –olsun xalqın iradəsini, inamını qırmağa cəhdlər göstərildi. Lakin qonşu ölkələrdə, dünyanın müxtəlif  bölgələrində  yaşayan soydaşlarımız, Azərbaycan türkləri bu hərəkatı  parçalanmış türk dünyasının, xalqlarımızın təbii birləşmə prosesi kimi sevinclə qarşıladılar. Türklərin bu hərəkatı dünyada  gedən demokratik proseslər baxımından qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş mürtəce  təbliğatın qarşısını aldı. Beləliklə,  1989-cu ilin 31 dekabr tarixi  şair Xəlil Rza Ulutürkün  yazdığı kimi,  azadlığı qram-qram istəməyən, zəncirləri qıran dünya Azərbaycan türklərinin həmrəyliyi bayramına çevrildi. 1990-cı ildə isə  həmin günün ildönümü Naxçıvanda   elliklə qeyd edildi.
Getdikcə güclənən bu hərəkata dəstək verən bütün dünya azərbaycanlıları birlik və həmrəyliklərini  göstərdilər. Sovetlərin dağılmadığı bir zamanda  Naxçıvanda  başlanan, respublikanın digər bölgələrində də genişlənən  azadlıq hərəkatı  dünya azərbaycanlılarının birlik və həmrəyliyi üçün başlanğıc oldu. Qəribə mənzərə yaranmışdı. İllərdən bəri yerli sakinləri nəinki sərhəd ətrafında  dolanmağa qoymayan,  Bakı-Naxçıvan qatarının Araz çayı boyunca hərəkəti zamanı  pəncərələrin pərdələrini  örtən, İrana tərəf  baxmağı yasaqlayan imperiyanın «yaşıl papaqlı»larının  «Sərhəd hərəkatı» iştirakçılarına mane olmaması təəccüb doğururdu.  Amma bu «səssizliyin» səsi sonradan, 20 Yanvar hadisələrində  eşidildi. Bəlli oldu ki, guya 20 Yanvar hadisələri imperiyaya itaətsizlik göstərən Azərbaycanın azadlıq  mücahidlərinə,  «ekstremistlərə» dərs idi.
 Naxçıvanın mütərəqqi  qüvvələri tərəfindən «Sərhəd hərəkatı» adı altında  həyata keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin  səyi və təşəbbüsü nəticəsində  siyasi və tarixi qiymətini aldı.  Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi zaman  bu tarix ümumxalq şənliyinə çevrildi.  Muxtar Respublika  Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə  keçirilən sessiyada  iştirakçılar tərəfindən bu günün  hər il qeyd olunması ilə bağlı yekdilliklə qəbul olunan qərarda  qeyd edilirdi : « 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası  ərazisində iş günü hesab edilməsin.  31 dekabr dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında  rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında  Azərbaycan Respublikası  Ali Sovetinə təklif verilsin… Sərhəd  çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və onların ləğv edilməsini təmin etmək üçün deputat komissiyası  yaradılsın.»
Qərarda qeyd olunan bəndlərin yerinə yetirilməsi məsuliyyətini üzərinə götürən Ulu Öndər bu günün əbədiləşməsi üçün zəmin yaratdı.  70 ilə yaxın SSRİ-nin cənub sərhədini qoruyan  Naxçıvandakı 41-ci sərhəd dəstəsinin, 75-ci motoatıcı diviziyasının hərbi və mülki bazasının Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin xidmətinə verilməsi ilə bağlı qərarı imzalayan Muxtar Respublika Ali Məclisinin Sədri Heydər Əliyev bu tarixi missiyanı da yerinə yetirdi. Naxçıvanın sərhədlərinin qorunması yeni təşkil olunan 1-ci Sərhəd dəstəsinə tapşırıldı.
1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev  Azərbaycanı  bütün fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını yerinə yetirməklə, insanlarda azərbaycançılıq ideologiyasını,  təfəkkürünü formalaşdırdı,   birlik və həmrəyliyimizin möhkəmlənməsi, milli-mənəvi  dəyərlərimizin qorunması, inkişaf etdirilməsi üçün və ən başlıcası dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi naminə mühüm tarixi qərarlar qəbul etdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə müxtəlif  ölkələrdə məskunlaşan soydaşlarımızın koordinasiya mərkəzləri təşkil olundu, təkmilləşdirildi. Harada yaşamalarından asılı olmayaraq, bütün dünya azərbaycanlılarına Azərbaycan adlı bir Vətənlərinin olduğunu bildirən Ulu Öndərin «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri soydaşlarımızı bir ideya ətrafında birləşdirən çağırış oldu.  Bu çağırış Dünya  azərbaycanlılarının I qurultayının keçirilməsi zərurətini yaratdı.  Qurultayda bir araya gələn soydaşlarımızın fəaliyyət istiqamətləri, diaspor quruculuğu ilə bağlı görüləcək işlər müəyyənləşdirildi, vahid konsepsiya hazırlandı.Sonrakı qurultaylarda ümummilli lider Heydər Əliyevin diasporla iş üzrə fəaliyyətini davam etdirən Prezident İlham Əliyev bu birliyin ideoloji təməlinə əsaslanan dövlətçilik prinsiplərini, inkişafını təmin edən vəzifələri dəqiqləşdirdi, Azərbaycan –Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası müəyyənləşdirildi. 
Haqq, ədalət uğrunda apardığı Vətən müharibəsi sayəsində Azərbaycan xalqı Ulu Öndər siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində arzularının, ümidlərinin gerçəkləşdiyi müqəddəs məqama yetdi. Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkrli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə