Mobil versiya
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək enerji sahəsini də əhatə edir - DEPUTAT
Tarix: 26-04-2026 | Saat: 12:24
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək enerji sahəsini də əhatə edir

Azərbaycan ilə Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət, etimad və beynəlxalq hüquq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir. Bu əlaqələr siyasi, iqtisadi və humanitar sahələrdə ardıcıl şəkildə genişlənir və real əməkdaşlıq mexanizmləri ilə zənginləşir.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, iki ölkə arasındakı münasibətlərdə humanitar sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu istiqamətdə mühüm təşəbbüslərdən biridir. Azərbaycanın münaqişədən zərər çəkmiş uşaqlarla bağlı uzunmüddətli təcrübəsi bu sahədə effektiv yanaşmaların tətbiqinə imkan yaradır. Eyni zamanda, ukraynalı tələbələrin reabilitasiya proqramlarına cəlb olunması nəzərdə tutulur ki, bu da humanitar əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək enerji sahəsini də əhatə edir. Azərbaycan tərəfindən Ukraynaya elektrik generatorlarının göndərilməsi mülki əhalinin və sosial infrastrukturun ehtiyaclarının qarşılanmasına yönəlmiş mühüm yardım nümunəsidir. Bununla yanaşı, mina təmizlənməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi və müvafiq əməkdaşlığın inkişafı da gündəmdədir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın bu sahədə formalaşdırdığı unikal təcrübəni daha da aktuallaşdırır.

S.Məmmədov nəzərə çatdırıb ki, humanitar əməkdaşlıqla yanaşı, iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən biri də siyasi dialoqdur. Azərbaycan müstəqil dövlət kimi xarici siyasətini milli maraqlarına uyğun, bərabərhüquqlu və çoxtərəfli əməkdaşlıq prinsipləri əsasında həyata keçirir. Bu siyasət heç bir zaman digər dövlətlərə qarşı yönəlməyib. Azərbaycan beynəlxalq hüququn, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qəti tərəfdarıdır. Azərbaycan öz neytral, balanslı və obyektiv mövqeyi ilə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən platforma kimi çıxış etmək imkanına malikdir.

Deputat vurğulayıb ki, siyasi sahədə formalaşmış yüksəksəviyyəli dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır: “Azərbaycan ilə Ukrayna arasında iqtisadi sahədə əməkdaşlıq ardıcıl olaraq genişlənir və öz inkişaf tempini qoruyaraq yeni istiqamətlər üzrə dərinləşir. Enerji sektoru bu münasibətlərdə əsas istiqamətlərdən biridir. SOCAR-ın Ukraynada fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə və investisiya əməkdaşlığının güclənməsinə töhfə verir. Bundan başqa nəqliyyat-logistika, aqrar və sənaye sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur”, - deyə deputat əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2026