Mobil versiya
Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur
Tarix: 23-11-2023 | Saat: 09:47
Bölmə:Özəl | çapa göndər

Kəlbəcərin  bir güllə  atılmadan  azad edilməsi Cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Bu, Ali Baş Komandanın 44 günlük döyüşlərdəki uğurlarının geosiyasi davamıdır
44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə  adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Belə ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu.  Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə çıxışlarında deyib: «Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bugünə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır».
Noyabrın 25-də Kəlbəcər qansız-qadasız işğaldan azad edildi. Bu münasibətlə Ali Baş Komandan xalqa müraciətində bildirib ki,Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.»
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 şəxs əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, «İstisu» sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.
Kəlbəcərin işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun 1993-cü ildə işğalından sonra orada qanunsuz məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Sosial şəbəkələrin erməni seqmentində ermənilərin Kəlbəcəri tərk etməsilə bağlı videolara baxanda adamı dəhşət bürüyür. Belə ki, qanunsuz yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü, pəncərə çərçivələri və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu üzə çıxarır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025