Mobil versiya
Tarixi Zəfərimizdə «Əsrin müqaviləsi»nin rolu böyükdür
Tarix: 17-09-2025 | Saat: 14:22
Bölmə:Özəl | çapa göndər

Tarixi Zəfərimizdə «Əsrin müqaviləsi»nin rolu böyükdür

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış Azərbaycanın neft strategiyasının uğurlarını bu gün tarixi Zəfərimizin reallıqları fonunda Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsində görürük
Etibarlı, arzuolunan tərəfdaş. Avropa İttifaqının rəsmiləri ölkəmizi belə dəyərləndirirlər. Təbii ki, hər bir uğur böyük səylərin, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan «Əsrin müqaviləsi» Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ümummilli Lider bu mühüm hadisəni belə dəyərləndirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.
«Əsrin müqaviləsi» Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. Dünyaya «açıq qapı» siyasəti həyata keçirən Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına qapılarını açdı, onların qoyacaqları investisiyaların təhlükəsizliyinin təmin olunacağını bəyan etdi. Bu baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun yalnız iqtisadi deyil, siyasi tərəfi də xüsusi önəm daşıyır. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndər bildirirdi ki heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.
Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev Azərbaycanın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.
İşğaldan azad edilmiş ərazilərimizdə bütün işlər Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin öhdəsindən yüksək səviyyədə gəlməyə əsas verir. Dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda Azərbaycanın iqtisadi islahatları daha da dərinləşdirməsi, heç bir sosial layihəni təxirə salmaması möhkəm təmələ əsaslanan siyasətin nəticəsi idi. Müharibədən yenidən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlanması asan deyil. Lakin hadisələrə qısa baxış əsasında görərik ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfər etdi və infrastrukturun yenilənməsi ilə bağlı tapşırıqlarını verdi.
Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsində də «Əsrin müqaviləsi»nin rolu böyükdür. Bu sazişin imzalanması ilə başlanan tərəqqi bizi Zəfərə, suverenliyimizin tam bərpa edilməsinə qovuşdurdu. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyimiz əsas rola malikdir ki, bunun əsasında «Əsrin müqaviləsi» dayanır. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş rayonlarda bərpa və quruculuq işlərinin geniş vüsət alması, soydaşlarımızı üçün ən yüksək yaşayışın təmin edilməsi də neft strategiyasının uğurlarıdır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bundan sonra da neft strategiyasının uğurlarını yaşayacaq, daha möhtəşəm zəfərləri ilə dünyanın diqqətində olacaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025