Mobil versiya
Azərbaycanın bərpaolunan enerji sahəsində çalışmaları ECO-nun üzv dövlətləri tərəfindən yüksək qiymətləndirilir
Tarix: 12-11-2023 | Saat: 09:59
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycanın bərpaolunan enerji sahəsində çalışmaları ECO-nun üzv dövlətləri tərəfindən yüksək qiymətləndirilir

Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvüdür. Qeyd olunmalıdır ki, həmin ildən ötən dövr ərzində ölkəmiz təşkilatda hər zaman fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində təşkilata üzv ölkələrlə əlaqələrin şaxələndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından unikal imkanlara malikdir. Ümumiyyətlə əməkdaşlığa hər zaman açıq olan Azərbaycan təbii ki, ECO çərçivəsində də mövcud əməkdaşlıq əlaqələrinin şaxələnməsi və müxtəlif sahələrdə genişlənməsi təşəbbüsləri ilə çıxış edir. Bu məqam Ölkə Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş 16-cı Zirvə toplantısında etdiyi çıxışında da öz əksini tapıb. Hazırda təşkilata sədrlik edən Azərbaycan ECO-nun fəaliyyətinə dəyərli töhfələr verməyə davam edir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. O cümlədən, ECO-nun 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev son illər ərzində Azərbaycanın özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğunu və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bir daha diqqət mərkəzinə çəkdi. Hər iki dəhlizin Azərbaycandan keçən hissələrinin tam hazır olduğunu qeyd edən dövlət başçımız Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün hər zaman açıq olduğunu bildirdi. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
Ölkəmizin ECO-nun üzvü kimi effektiv fəaliyyət göstərdiyini təsdiq edən məqamlardan biri də Azərbaycanın təşkilatın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsidir. Bu gün Azərbaycan dövləti ölkənin zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Təsdiq olunmuş məlumatlara əsasən ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Bu, çox böyük potensialdır və Azərbaycan bu potensialı reallaşdırmaq əzmindədir. Artıq dünyanın bir neçə aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər imzalanmışdır və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Beləliklə Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev sammit iştirkçılarının diqqətinə belə bir məqamı da çatdırdı ki, ölkəmizin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq və cəmi bir neçə ildən sonra həmin ərazilərdə hidroelektrik stansiyalarının ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsi faktı da ölkəmizin bərpaolunan enerji sahəsində çalışmalarının təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiq edir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024