Mobil versiya
Azərbaycan türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün daim fəal təşəbbüslərlə çıxış edir
Tarix: 07-11-2023 | Saat: 11:34
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün  daim fəal təşəbbüslərlə çıxış edir

Bu gün dünya siyasi düzənində həm regional, həm də qlobal proseslərə təsir göstərmək baxımından Türk Dövlətləri Təşkilatı ciddi güc mərkəzinə çevrilib. Dövlətimizin bu mövqeyi digər türk ölkələri tərəfindən də təqdir olunur. Noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə də bu amil bir daha vurğulandı. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü mövcud beynəlxalq proseslərin fonunda xüsusi əhəmiyyət daşıyırdı. Artıq bu siyasi blok və burada səslənən fikirlər dünyanın mühüm analitik mərkəzlərində təhlil olunur və gələcək proqnozların verilməsində nəzərə alınır. Bu baxımdan bütün toplantılarda olduğu kimi, Astana sammitində də Prezident İlham Əliyevin çıxışı bütövlükdə böyük maraq kəsb etdi. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Ölkəmizin bu birliyin möhkəmləndirilməsinə töhfələri diqqətdədir. Naxçıvandan başlanan yolun uğurlu davamı qarşıya qoyulan hədəflərin reallığa çevrilməsindən, dövrün çağırışlarının düzgün dəyərləndirilməsindən xəbər verir.
Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yoluna qısa nəzər salmaq bir zərurət kimi qarşımızdadır. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan və Şimali Kipr də müşahidəçi qismində təşkilata qoşulub. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. Təşkilatın katibliyi İstanbulda yerləşir. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə dövlət başçısı İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirləri ilə ifadə etmişdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır. Bu dəfə də eyni situasiyanın şahidi olduq. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi və inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Artıq bu təşəbbüs reallığa çevrilir. Martın 16-da keçirilən Ankara sammitində bu istiqamətdə praktiki addım atılıb.
Prezident İlham Əliyev çıxışında 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşünə toxundu və ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıqdan, görülən işlərdən söhbət açaraq bunun Türk Dövlətləri Təşkilatının inkişafına təkan verdiyini qeyd etdi. Şübhəsiz ki, bu inkişafın göstərici kimi bu gün TDT-nın qlobal arenada böyük nüfuza malik olduğunu vurğulayan ölkəmizin başçısı həmçinin, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstəyə görə liderlərə təşəkkür etdi. Dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərindən, eləcə də sülh prosesindən danışaraq 2022-ci ildə qarşı tərəfin ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, davranışları ilə əməllərinin tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırdı. Məğlub ordunun qalıqları ölkəmizin suveren ərazilərində qalmaqda idi. Digər tərəfdən ölkəmizin ərazi bütövlüyünü tam şəkildə tanıdığını bəyan edən Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun “müstəqilliyi”ni təbrik etməsi, Qarabağda keçirilmiş 9 sentyabr “prezident seçkiləri” tamamilə qəbuledilməz oldu. Bu, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdən, təhdiddən başqa bir şey deylidi və bu, belə davam edə bilməzdi. Azərbaycan haqlı olaraq qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Prezident İlham Əliyev mülki insanlara və mülki infrastruktura heç bir zərər vurmadan 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü təşkilatın tarixində xüsusi hadisə kimi yadda qalmaqla yanaşı, Azərbaycan Prezidentinin də diplomatik liderliyinin daha bir təsdiqi oldu.

Yeni Azərbaycan Partiyası Kürdəmir
rayon təşkilatının sədri
Ayaz Cəbrayılov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024