Mobil versiya
Rəşad Cəbrayılov: “Ərazi bütövlüyümüzün bərpa olunması 2003-2020-ci illər ərzində Ali Baş Komandan cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur”
Tarix: 02-11-2023 | Saat: 11:36
Bölmə:Özəl | çapa göndər

Rəşad Cəbrayılov: “Ərazi bütövlüyümüzün bərpa olunması 2003-2020-ci illər ərzində  Ali Baş Komandan cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur”

Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə əldə edərək ərazilərimizin işğalına birdəfəlik son qoyduğu gündən artıq üç il keçir. Bu illər ərzində ölkəmiz daha da güclənmiş, özünün iqtisadi və hərbi qüdrətini indiyədək müşahidə olunmamış bir səviyyəyə yüksəltmişdir. Bu gün Azərbaycanda gedən proseslər bütün dünya tərəfindən diqqətlə və böyük maraqla izlənməkdədir. Təbii ki, Azərbaycanın ilk olaraq özünün ərazi bütövlüyünü və bunun ardınca bütün ərazisində suverenliyini bərpa etməsi ötən üç ildə cərəyan edən hadisələrin kulminasiya nöqtələri kimi qeyd olunmalıdır. Saytımızın bugünkü buraxılışında bütün bu məsələlər ilə bağlı əməkdaşımızın suallarını Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov cavablandıracaq.

- Rəşad müəllim, ilk növbədə Sizi qarşıda gələn 8 noyabr – Zəfər Günü münasibətilə bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edirəm və ilk sualım da məhz elə bu möhtəşəm günlə bağlı olacaq. Sizcə məhz Şuşa şəhərinin işğaldan azad edildiyi tarixin Zəfər günü kimi qeyd olunmasını şərtləndirən əsas amillər hansılardır?

- Təşəkkür edirəm. Mən də sizi və təmsil etdiyiniz bütün kollektivi Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Həqiqətən də bu gün möhtəşəm bir gündür. Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanın şanlı tarixinə 8 noyabr – Zəfər Günü ən şərəfli və müstəsna əhəmiyyət kəsb edən bir gün kimi əbədi həkk olunub. Üç il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin gedişində, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu. Qeyd etmək lazımdır ki, 2003-cü ildən bu tarixi günə qədər ötən bütün dövr ərzində ərazi bütövlüyümüzün bərpa olunması Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Həmin illərdə atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Şuşanın işğaldan azad edilməsi bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edib. Şuşa Qarabağın dağlıq ərazilərini nəzarətdə saxlamaq xüsusunda malik olduğu coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edir. Şuşaya nəzarət etmək Xankəndiyə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Möhtərəm dövlət başçımızın müvafiq Sərəncamı ilə məhz bu günün, 8 noyabr tarixinin respublikamızda Zəfər Günü kimi qeyd olunması da 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli faktor kimi çıxış etdiyini bir daha vurğulayır. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum üçtərəfli Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edirdilər. Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün ərazilərində qürurla dalğalanır. Oktyabr ayının 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran cənab Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır.

- Az öncə qeyd etdiniz ki, 2003-2020-ci illər ərzində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas məqsədi məhz torpaqlarımızın işğaldan azad edilməsi olub. Bu barədə fikirlərinizi bir qədər daha ətraflı eşitmək istərdim.

- 30 ilə yaxın dövr ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Bu gün artıq hər kəs bilir ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etdi. İlk növbədə məhz iqtisadi amil ölkənin hərbi qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Əlbəttə ki, bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndirilir, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilirdi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınırdı. Vətən müharibəsi aydın şəkildə göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

- Rəşad müəllim, yəqin mənimlə razılaşarsınız ki, tarixi Qələbəmizin əldə olunması üçün hərbi üstünlüklə yanaşı əlverişli siyasi şəraitin də yaradılması vacib şərtdir. Sizcə Azərbaycan buna necə nail oldu?

- Əlbəttə ki, siyasi-hüquqi bazanın yaradılması çox mühüm şərtdir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdrlımış xarici siyasət kursu bu əlverişli bazanın formalaşmasını uğurla təmin etdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün əlverişli zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar rolunu oynamış oldu. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.

- Necə bilirsiniz, işğal dövründə bu problemlə məşğul olan beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün kifayət qədər səy göstərmişdilərmi?

- Bu gün biz bir mənalı olaraq deyə bilərik ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar əslində heç zaman işğal altında olan torpaqlarımızın geri qaytarılması barədə ciddi düşünməyiblər. Məqsəd yalnız bu olub ki, münaqişə dondurulsun, Azərbaycan hərbi əməliyyatlara başlamasın. Əslində Azərbaycan da heç zaman müharibə tərəfdarı olmayıb. Lakin 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Sonda Azərbaycan özü ilk öncə öz ərazilərini işğaldan azad etdi və sonra da bütün ölkə ərazisində tam suverenliyini təmin etdi. Bununla da illərlə həllini gözləyən münaqişə başa çatdı və bütün dünya Cənubi Qafqazın yeni reallıqlarını qəbul etməli oldu.

-Rəşad müəllim, Azərbaycanın Zəfər yürüşü bu gün də davam edir və elə sentyabr ayında bütün dünya ölkəmizin daha bir parlaq qələbəsinin şahidi oldu. Bu barədə hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Bilirsiniz ki, beynəlxalq sazişlər, bəyanatlar və ümumiyyətlə ölkə liderləri səviyyəsində imzalanan bütün sənədlər mütləq şəkildə icrası tələb olunan ciddi sənədlərdir. Lakin Ermənistan bu məsələdə də özünü məsuliyyətsiz və etibarsız ölkə kimi təqdim edib. Rəsmi İrəvanın imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi sizin qeyd etdiyiniz hadisələri qaçınılmaz etdi. Üç il ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisində, Qarabağda qalan hissələri torpaqlarımızdan çıxarılmadı. Rəsmi İrəvan qondarma separatçı rejimi dəstəkləməkdə davam etdi. Bütün bunlara görə də bu ilin sentyabr ayında Azərbaycan öz gücünü bir daha göstərməli oldu. Cəmi 23 saat davam edən antiterror əməliyyatı nəticəsində düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi və bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi. Bu gün xalqımız haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə fəxr edir. Oktyabr ayının 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldıran Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlhm Əliyevin dediyi kimi, təkcə ölkəmizin vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla soydaşımız Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

- Rəşad müəllim, suallarımız ətraflı və dolğun cavablandırdığınıza görə Sizə təşəkkür edirəm. Növbəti müsahibəmizədək, sağlıqla qalın.

- Minnətdaram, siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025