Mobil versiya
HEYDƏR ƏLİYEV – ƏBƏDİYAŞAR LİDER!
Tarix: 11-10-2023 | Saat: 14:42
Bölmə:Özəl | çapa göndər

HEYDƏR ƏLİYEV – ƏBƏDİYAŞAR LİDER!

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları onun bu millətə bəxş etdiyi ən dəyərli mirasdır. Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün inkişafında tarixə düşəsi müdrik kəlamlar təkcə Azərbaycanda deyil, bütün dünyada sevilə-sevilə öyrənilir. Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir.
Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir.
Ulu Öndərin sözləri ilə desək- “Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir.” Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev dünya dövlətçilik tarixində Ümummilli Lider fəxri adı qazanmış nadir tarixi şəxsiyyətlərdəndir. "Heydər Əliyev İli"ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən, hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana çıxarılmalıdır. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025