Mobil versiya
Azərbaycan Prezidentinin üçtərəfli formatda əməkdaşlıq təklifi Cənubi Qafqaz ölkələrinin sürətli inkişafına güclü zəmin ola bilər
Tarix: 10-10-2023 | Saat: 11:44
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan Prezidentinin üçtərəfli formatda əməkdaşlıq təklifi Cənubi Qafqaz ölkələrinin sürətli inkişafına güclü zəmin ola bilər

Azərbaycan-Gürcüstan əməkdaşlığı davamlı olaraq inkişaf edir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri getdikcə güclənir və möhkəmlənir. Ən yüksək səviyyədə mütəmadi keçirilən ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olmasına, xalqlarımızın daha da sıx dostluq etməsinə xidmət edir. Hələ sovet dönəmində Azərbaycan SSR-ə və Gürcüstan SSR-ə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluq əlaqələri xalqlarımızın yaxınlaşmasına böyük stimul verib. Ulu Öndər Gürcüstanla əlaqələrə hər zaman böyük önəm verib. Məhz bu iki böyük şəxsiyyətin fəaliyyəti nəticəsində müstəqil Azərbaycan və müstəqil Gürcüstan inkişaf yoluna qədəm qoymuşlar. Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Həmçinin dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Bu il Azərbaycanda və bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da bütün ilboyu Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu, qardaş xalqın Azərbaycana böyük ehtiramının bariz göstəricisidir.
Oktyabr ayının 8-də Gürcüstana etdiyi növbəti işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Tbilisidə mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, əsrlər boyu xalqlarımız arasında mövcud olmuş və indi də davam edən mehriban qonşuluq və dostluq münasibətləri həm ölkələrimiz üçün, həm də bütün bölgə üçün çox vacibdir və Cənubi Qafqazın inkişafı üçün tələb olunan zəruri şərtlərdən biridir. Bu gün Azərbaycan və Gürcüstan arasında həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Lakin əldə olunmuş nailiyyətlər əlbəttə ki, son hədd deyil. Hazırda iki dost və strateji tərəfdaş ölkə arasında əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı ilə bağlı layihələr isə bu əməkdaşlığı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.
Həmçinin bu gün Azərbaycan və Gürcüstanı energetika sahəsində ənənəvi istiqamətlərdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi də birləşdirir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ümumiyyətlə Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr bütün Avrasiya məkanı üçün böyük məna daşıyır.
Öz çıxışında cənab Prezident İlham Əliyev həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının vacibliyinı vurğulayaraq bildirdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Azərbaycan üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində öz ərazi bütövlüyünü, keçən ay isə keçirdiyi antiterror tədbiri nəticəsində bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Artıq bundan sonra Cənubi Qafqazda sülhün və əmin-amanlığın əldə olunması yolunda heç bir əngəl qalmayıb. Yeni reallıqlar fonunda regionda bütün Cənubi Qafqazın inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Möhtərəm dövlət başçımızın dediyi kimi, əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu kimi bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Təbii ki, bunun üçün ilk növbədə Ermənistanın konstruktiv mövqedən çıxış etməsi və ən əsası xarici təhrikçi qüvvələrin təsirindən azad olması lazımdır.
Həmçinin cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində vasitəçilik missiyasının məhz Gürcüstana həvalə olunmasını ən düzgün seçim ola biləcəyini qeyd edib. Məlumdur ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Əgər bu, səmimi yanaşmadırsa, birtərəfli və qərəzli mövqe deyilsə, əlbəttə ki, bunu yalnız alqışlamaq olar. Lakin dövlət başçımızın dediyi kimi, həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq bu sahədə Gürcüstanın vasitəçiliyi daha düzgün və daha effektiv olar.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025