Mobil versiya
Gəncədə Vətən müharibəsi zamanı şəhid olan mülki vətəndaşların xatirəsi yad edilib
Tarix: 05-10-2023 | Saat: 10:22
Bölmə:Özəl | çapa göndər

Gəncədə Vətən müharibəsi zamanı şəhid olan mülki vətəndaşların xatirəsi yad edilib

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından 3 il ötür.

aia.az xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, QMİ-nin Qazılar Şurasının üzvləri, İHB Aparatın əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət ediblər.
Anım mərasimdə Gəncə şəhərində səfərdə olan Azərbaycan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Öncə mərasim iştirakçıları Gəncə şəhərinə edilən raket hücumları nəticəsində şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə ediblər.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub. Endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib, şəhərin 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.
O da bildirilib ki, Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən Gəncə Memorial Kompleksi yaradılacaqdır. Ələkbər Rəfibəyli küçəsində inşası nəzərdə tutulan Memorial Kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2022-ci il tarixində Gəncə şəhərinə səfəri zamanı qoyulmuşdur.
Daha sonra din xadimi tərəfindən Vətən müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən mülki şəhidlərin ruhlarına dualar oxunub.
Sonda Vətən müharibəsi zamanı qətlə yetirilən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, raket hücumları zamanı dağılan ərazi ziyarət olunub, ətrafına tər çiçəklər düzülüb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025