Mobil versiya
Azərbaycan xalqının öz xilaskar oğlu Heydər Əliyevə sarsılmaz inamı ölkəni bütün təhlükələrdən xilas etdi
Tarix: 04-10-2023 | Saat: 17:45
Bölmə:Özəl | çapa göndər

Azərbaycan xalqının öz xilaskar oğlu Heydər Əliyevə sarsılmaz inamı ölkəni bütün təhlükələrdən xilas etdi

Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyəti olan günlərdən biri məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün keçirilən Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük bəlalardan, dövlətimizi faktiki süqut etmək təhlükəsindən qurtarıb.

Ümummilli Lider Heydər Əliyevin adı şanlı tariximizə dövlətin və xalqın xilaskarı kimi yazılıb. Ötən əsrin sonlarında özünün dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən yenidən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı son həddə çatmış, xaos və özbaçınalıq respublikanı bürümüşdü. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın ən yeni tarixində dövlətçiliyi təhdid edən təhlükələr dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna son qoya biləcək bütün amillər isə həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsi səbəbilə yaranmışdı. 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silmək məqsədilə planlanmışdı. Həmin dövrdə bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi torpaqlarımızı işğal edir, digər tərəfdən də ölkə daxilində hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparan qüvvələr xalqı vətəndaş müharibəsinə sürükləyirdi. Məhz belə bir mürəkkəb və təhlükəli dövrdə Azərbaycan xalqı xilas üçün öz böyük oğlu, dahi siyasətçi Heydər Əliyevə müraciət etdi. Xalqın ən dar günündə Ulu Öndər Heydər Əliyev Bakıya döndü. Ümummilli Liderin ölkədə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi məhv olmaqdan xilas etdi. Millətin sönməkdə olan müstəqillik xəyalları yenidən canlandı, Ulu Öndər xalqın ürəyində sabaha ümid çırağı yandırdı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalqa müraciətlə etdiyi çıxışında mövcud siyasi böhranın aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə və qətiyyətlə öz üzərinə götürdü. Bununla da ölkədə artıq vətəndaş müharibəsi həddinə çatmış gərginlik və qarşıdurma səngidi, respublikamız real parçalanma təhlükəsindən xilas oldu.

Növbəti on il ərzində Ümummilli Liderimizin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb olunmaqla, rəqabət qabiliyyətli istehsal müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndər respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə zəmin yaratmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli üsullardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib.

Lakin bu yolda da ölkəmizin qarşısına düşmən qüvvələr tərəfindən bir çox əngəllər yaradılıb. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın həmin qüvvələrin təhriki və himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Yalnız Prezident Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyi ölkənin bu sınaqlardan da uğurla çıxmasını təmin etdi. Azərbaycan tarixinin ən parlaq dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində əsil xilaskar missiyasını yerinə yetirdi.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Həmin dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.

XX əsr tariximizin ən parlaq siması, ən böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək tarixi ədaləti, beynəlxalq hüququ və ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanın bu böyük Zəfərinin də əsası məhz 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin respublikada ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə qoyulmuşdur.

Kamran Qasımov,
YAP Tovuz rayon təşkilatının
Təşkilat şöbəsinin məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025