Mobil versiya
Gələcəyin aydın yolu
Tarix: 03-10-2023 | Saat: 15:30
Bölmə:Siyasət / Özəl | çapa göndər

Gələcəyin aydın yolu

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev son üç il ərzində həyata keçirilən quruculuq işlərindən, qarabağın bərpasından söz açmış, habelə son dövrlərdə baş verən hadisələrə siyasi qiymət vermişdir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, ötən 3 il ərzində görülən işlər bu bölgənin sahiblərinin kim olduğunu bir daha sübut etmişdir. Erməni vandalizminin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan ağır maliyyə yükünün altına girsə də biz bütün çətinlikləri dəf etmək qüdrətindəyik. Çünki bu torpaqlar bizim ata-baba torpaqlarımızdır.
Zəngilanın mühüm nəqliyyat qovşaqlarından biri olduğunu qeyd edən cənab prezident bildirmişdir ki, bu ərazidə evlərin tikilməsi, yeni kəndlərin və qəsəbələrin bərpası ilə yanaşı kənd təsərrüfatının da inkişafı üçün işlər həyata keçirilir: “Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var.
Eyni zamanda, yeni iş yerləri yaradılır, çünki buraya - evlərinə, Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Bizim Böyük Qayıdış Proqramımızın bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və təbii ki, sosial infrastrukturun inşası. Zəngilanda artıq böyük bir məktəb binası inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur. Bu isə, əlbəttə, Azərbaycana qarşı urbisid və kultursidin təzahürüdür.”
Məskunlaşmanın həyata keçirilməsi ilə paralel olaraq infrasturkuun yaradılmasının mühüm olduğunu qeyd edən ölkəmizin başçısı bildirmişdir ki, bu sahədə də ciddi işlər görülməkdədir: “Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada - Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni, azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Bizim azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, bizim yaşıl enerji gündəliyimizə böyük töhfə olacaq. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə icra olunacaq. Ümid edirəm ki, bu layihəyə gələn il başlanılacaq.”
BMT-nin 4 qərarının icrasını 30 il ərzində yerinə yetirməyən Ermənistanla aparılan danışıqlar da səmərəsiz olmuşdur. Bütün beynəlxalq təşkilatların sülh təşəbbüslərini bloklayan Ermənistan və Qarabağdakı xunta rejiminin rəhbərləri bu əraziləri talamaqla, dağıtmaqla məşğul olmuşlar. Həmin xunta rəhbərləri təkcə Qarabağı yox, eyni zamanda ermənistanı da talamışlar. Ona görə də ermənilər bu cəlladlara nifrət edirlər.
Azərbaycan xalqı bu məsələni 44 gün ərzində özü həll etmək məcburiyyətində qaldı və biz düşməni məğlub edərək torpaqlarımızı azad etdik. İndi isə qurub yaratmaqla, bərpa işləri ilə məşğul oluruq.
Ölkəmizin başçısı qeyd etmişdir ki, sentyabrın 19-da həyata keçirilən antiterror tədbirir də ərazi bütövlyüyümüzün bərpası üçün həyata keçirildi və bütün terroristlər ərazini tərk etmək zorunda qaldılar.
Cənab prezident demişdir: “Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.”
Azərbaycanın bundan sonrakı yolu və xətti aydındır: “Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra - 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir.”
Bəli, Azərbaycan, onun müdrik rəhbəri daim konstruktiv mövqedən çıxış edir. Çünki siyasi iradə var, xalqa söykənən, xalqdan güc alan rəhbər var. Kimsənin torpağında gözümüz yoxdur, lakin ərazimizin bir qarışını da kimsəyə güzəşt etməyəcəyik.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024