Mobil versiya
Qələbələrimizin rəhni
Tarix: 02-10-2023 | Saat: 12:13
Bölmə:Siyasət / Özəl | çapa göndər

Qələbələrimizin rəhni

1993-cü ilin may - iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda isə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini səsləndirməyə başladı. Nəticədə Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Bununla Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. İyunun 24-dən o, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Prezidentin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan -Azərbaycan münaqişəsinin həllində ilkin mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli–mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyevin Birinci Prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək "Əsrin müqaviləsi" imzalanmış, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edilmiş, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmışdı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin Birinci Prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edilmişdi.
Ulu öndərin İkinci Prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər xüsusilə diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdı. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq, 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı ulu öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir.
Azərbaycanın son otuz beş ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Ümummilli liderimiz Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Onun parlaq xatirəsi Azərbaycan xalqının xatirəsində əbədiyyət qazanmışdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024