Mobil versiya
Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər
Tarix: 28-09-2023 | Saat: 13:01
Bölmə:Özəl | çapa göndər

Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoyub. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin edib. Muxtar respublikada xüsusilə son illər alternativ və bərpa olunan enerji mənbələri hesabına istifadəyə verilən elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir.Əlverişli iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün də geniş imkanlar açıb. Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanın münasib iqlim şəraiti burada bərpaolunan enerji istehsalı üçün yaxşı imkanlar yaradır. Bu da muxtar respublikanın region üçün strateji əhəmiyyətini getdikcə artırır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. Artıq muxtar respublikanın həyatında yeni dövr–energetika əsri başlayıb. Son hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 qiqavat təşkil edir. Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində 53,6 meqavat gücündə 11 kiçik su elektrik stansiyası istismara verilib. Hazırda isə 70,5 meqavat gücündə 7 belə stansiyanın inşası davam etdirilir. Bundan əlavə, il ərzində ümumi gücü 76,8 meqavat olan 9 stansiyanın da tikintisinə başlanılacaq.  Əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi üçün xüsusi inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya əsasən, muxtar respublikada külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur. Hazırda özəl investisiyaların alternativ və bərpaolunan enerji mənbələrinin yaradılmasına cəlb edilməsi istiqamətində işlər aparılır. 
Prezident İlham Əliyev 25 sentyabr tarixində Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında qeyd etmişdir: “Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur.Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”. Uzun illər Azərbaycanla enerji sahəsində əməkdaşlıq edən bir sıra xarici ölkələrin qabaqcıl şirkətləri alternativ və bərpaolunan enerji resurslarımıza da böyük maraq göstərirlər. Bu da Azərbaycanda yaradılmış əlverişli investisiya mühitinin mövcudluğu və ölkəmizdə hökm sürən siyasi sabitliyin nəticəsidir. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikasının bərpaolunan enerji potensialı da xarici şirkətlərin diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. Günəş elektrik stansiyasında təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə ediləcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.Həmçinin, Naxçıvan Muxtar Respublikasında mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət–özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, həmçinin bərpaolunan enerji resurslarından (əsasən, günəş) və dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və yeni layihələrin icrası daha çox elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcək.

Məhəmməd Ağayev,
Salyan rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025