Mobil versiya
Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir
Tarix: 28-09-2023 | Saat: 09:33
Bölmə:Özəl | çapa göndər

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir

Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşündə regionda sabitlik yaradacaq enerji və nəqliyyat layihələrinin yeni istiqamətləri müəyyənləşdirilib
Dünya ictimaiyyətinin maraqla izlədiyi və beynəlxalq nəqliyyat- kommunikasiya, enerji layihələrinin reallaşmasına yeni imkanlar yaradacaq Naxçıvan görüşləri tarixi hadisə kimi gündəmdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın muxtar respublikaya səfəri bölgədə sabitliyin təminatı baxımından tarixi hadisə kimi dəyərləndirilir. Türk birliyini daha da möhkəmləndirən dövlət başçıları arasındakı əvvəlki görüşlər kimi Naxçıvan səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin dəvəti ilə baş tutan səfər, artıq dünyada söz sahibi olan iki ölkə başçılarının görüşü Zəngəzur dəhlizinin açılmasına mane olanlara ciddi mesaj oldu. Dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanma, Naxçıvan-Bərpa İstehsalat Hərbi Kompleksinin açılış mərasimlərində iştirakları bütünlükdə türk dünyasının birliyinə yönələn həmrəyliyin ifadəsidir. Azərbaycan və Türkiyə liderlərinin Qarabağda lokal antiterror tədbirlərindən sonra baş tutan görüşdə Cənubi Qafqazda sülhün təminatına xidmət edəcək mühüm regional və ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
«İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək» söyləyən Prezident İlham Əliyev Ermənistanın blokadasında qalan muxtar respublikanın enerji , təbii qaz təminatı ilə bağlı çətinliklərindən bəhs edərək bildirdi ki, beynəlxalq təşkilatların iştirakı ilə keçiriləcək Türkiyə-Azərbaycan III Enerji Forumunda daha önəmli perspektivlər müəyyənləşdiriləcək. Bildirildi ki, günəş, külək, su elektrik stansiyalarının inşası üçün böyük potensiala malik Naxçıvanda
iri həcmli layihələrin həyata keçirilməsi ilə muxtar respublika «yaşıl enerji» zonasına çevriləcək. Cələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq. Başqa sözlə deyilsə Naxçıvanda imzalanan sənədlər Şuşa Bəyannaməsinin davamıdır.
«Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı genişləndirilir. Biri-birindən əhəmiyyətli bu layihələrin hər biri özlüyündə iki qardaş ölkənin müştərək maraqları olan bölgədə sülhün, əmin-amanlığın təminatına xidmət edir.
Naxçıvana səfərini tarixi hadisə, «Bir millət, iki dövlət» aforizminin təzahürü adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan muxtar respublikanı regionun strateji əhəmiyyətli bölgəsi adlandırdı.
Vurğulandı ki, Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki qardaş arasında möhkəmlənən əlaqələrimiz Naxçıvan səfəri ilə daha da genişləndirildi, zənginləşdirildi.
Naxçıvan görüşü Prezident İlham Əliyevin əvvəllər prioritet kimi söylədiyi «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq» sözləri iki qardaş ölkənin birgə səylərlə həyata keçirəcəyi layihələrin Avropaya uzanan yol xəritəsidir. Bu xəritənin başlıca amili Zəngəzur dəhlizinin açılmasıdır. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025