Mobil versiya
Cənab Prezident İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti Ermənistana ciddi mesajları ilə zəngindir
Tarix: 26-09-2023 | Saat: 18:28
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti Ermənistana ciddi mesajları ilə zəngindir

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində, lokal antiterror tədbirlərinə başlanılmasını şərtləndirən amillərə, həmçinin bu tədbirlərin dayandırılması üçün qarşı tərəfə irəli sürülən  şərtlərə və sair kimi məqamlara diqqəti yönəldərək bildirdi ki, bizim şərtlərimizi telefon zəngində Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım: “Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir.” 20 sentyabr tarixində səhər saatlarında bildirildi ki, şərtlər qəbul olunub.   Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər dəyərlidir. Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı. Dünya Azərbaycan Ordusunun qüdrətinin, peşəkarlığının bir daha şahidinə çevrildi. Sentyabrın 19-dan 20-dək Müzəffər Ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri bir daha göstərdi ki, heç bir xəbərdarlıq söz xatirinə deyilmir. Və 23 saat ərzində “Dəmir yumruq” Qarabağda qalan separatçıların başın birdəfəlik əzdi. Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişsiz yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı. 
Cənab İlham Əliyev bunu belə əsaslandırır ki, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi,  zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüş, onların beyinlərini zəhərləmişdi. Azərbaycan, Azərbaycan xalqı haqqında yalanlar uydurub onların beyinlərinə doldurmuşdur. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. 
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti, yerli və xarici mətbuata müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Bu baxımdan 20 sentyabr müraciəti də xüsusi diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!      Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində onu da bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”. Prezident İlham Əliyev xalqa müraciətində eyni zamanda  onu da qeyd etdi ki, heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına, cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilib, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur, indi də bu işlər sürətlə davam eddir. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasəti hər zaman siyasi,  diplomatik mübarizədə qələbə qazanmasını şərtləndirir. Ermənistandan fərqli olaraq Azərbaycanın təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025