Mobil versiya
Azərbaycan – Mərkəzi Asiya əməkdaşlıq əlaqələrinin yeni sahəsi müəyyən edildi
Tarix: 19-09-2023 | Saat: 09:28
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan – Mərkəzi Asiya əməkdaşlıq əlaqələrinin yeni sahəsi müəyyən edildi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı ölkələrimiz arasında münasibətlərin növbəti, daha yüksək mərhələyə keçidinin, regional əməkdaşlığın yeni formatının daha bir nümayişidir. Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri qırılmaz tellərlə bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Son bir neçə ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə böyük canlanma müşahidə olunur. Yeni dünya düzəninin formalaşması fonunda planetimizin hər yerində gedən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Bu səfərlər Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur. Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Bu gün Azərbaycan Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Lakin Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, hazırda ölkəmizdə gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı əhəmiyyətli dərəcədə artacaq.
Sammitdəki çıxışında cənab Prezident İlham Əliyev daha bir çox mühüm məqama toxunaraq bildirdi ki, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri də Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Təsadüfi deyil ki, fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və hazırda üzərində fəal çalışmaların aparıldığı “Rəqəmsal İpək Yolu” layihəsi möhtərəm dövlət başçımızn çıxışında ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi kimi qeyd olundu.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025