Mobil versiya
Fikrət Yusifov: Turizm bizə nə vəd edir?
Tarix: 19-08-2016 | Saat: 12:52
Bölmə:Gündəm | çapa göndər




Azərbaycan dünyanın turizmin inkişafı üçün çox əlverişli təbii şəraiti olan ölkələrindən biridir. Bu səbəbdən bizdə turizmin inkişaf perspektivləri bütün səviyyələrdə kifayət qədər yüksək qiymətləndirilir. Ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq yolunda hökumətin götürdüyü kursa uyğun olaraq, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi, turizmə dövlət səviyyəsində diqqət getdikcə artırılır. İndi qarşıya bu sahəni real sektorun ən aparıcı istiqamətlərindən birinə çevirmək vəzifələri qoyulur. Turizm sahəsində hazırda biz haradayıq və hara gedirik? Bu gün dünya üzrə Ümumi Daxili Məhsulun strukturunda turizmin payı 10% səviyyəsindədir. Azərbaycanda isə bu rəqəm ümumdünya göstəricisindən 5 dəfəyə qədər aşağıdır. Gürcüstanın ÜDM-da turizmin payı cari ilin birinci rübündə 7%-ə yaxın olub və bu rəqəm artmaqda davam edir. ÜDM-da turizmin payının bu günə olan səviyyəsinin artma şansları bizdə Gürcüstandakından və turizmin yaxşı inkişaf etdiyi digər ölkələrdəkindən heç də az deyil. Prezident İlham Əliyev son tədbirlərdəki çıxışlarında ölkədə turizmin inkişafını prioritet sahələrdən biri hesab etdiyini və bu sahənin inkişafına böyük önəm verdiyini bir neçə dəfə xüsusi olaraq vurğulayıb. Bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Biz bu artım templərinə görə indi nəinki regionda, hətta bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bu çox yaxşı haldır. Lakin unutmayaq ki, Azərbaycana turist axınının bu şəkildə baş verməsində bir tək turizm sektorunun inkişaf baxımından cəlbediciliyi dayanmır. Burada regionda baş verən hadisələr fonunda bir sıra əsas turizm ölkələrində yaranmış qeyri- sabit və təhlükəli vəziyyətin də rolu az deyil. İnsanlar seçim edərkən ilk növbədə təhlükəsiz şəraitdə istirahət etməyə üstünlük verirlər. Bundan sonra isə artıq digər göstəricilər göz önünə gəlir. Təhlükəsizlik məsələlərinin normal səviyyədə təmin edilə bilindiyi bir şəraitdə isə turizmlə məşğul olan ölkələrdə qazanılan uğurların kökündə düzgün qiymət siyasəti və xidmətin keyfiyyəti dayanır. Bu səbəbdən də bizim turizm sektoru indidən bu iki məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır. Qiymət siyasəti ilə bağlı iki yol var:

-yüksək qiymətlərlə az turist cəlb edib, müəyyən qazanc əldə etməklə kifayətlənmək;

- normal qiymətlər müəyyənləşdirib daha çox turist cəlb etməklə, turist dövriyyəsinin artması hesabına bundan dəfələrlə artıq qazanc əldə etmək.

Bu məsələdə ikinci yolu seçən tərəflər həmişə uğur qazana biliblər. Buna Türkiyə, Misir, Əlcəzair, Gürcüstan və başqa ölkələri misal göstərmək olar.

Son bir neçə il ərzində ölkəmizə turist axınının çoxalmasında Azərbaycanda keçirilmiş və bütün dünyaya yayımlanmış beynəlxalq tədbirlərin də rolu az olmadı.

Bu sıraya ilk növbərə Avroviziya Mahnı Müsabiqəsini, Birinci Avropa Oyunlarını, Formula-1 yarışlarını aid etmək gərəkdir. Bu tədbirləri bütün dünyaya yayımlayarkən, biz eyni zamanda məmləkətimizin reallıqlarını hər kəsə göstərə bildik və onlarda ölkəmizə gəlmək marağı yaratdıq.

Turizm sahəsində əldə olunan bu pozitiv məqamların dayanaqlılığını və ÜDM-da bu sektorunun xüsusi çəkisini turizmin yaxşı inkişaf etdiyi ölkələrdəki səviyyəyə yaxınlaşdırmaq üçün bir sıra məsələlərə fərqli yanaşımın olması gərəkdir. Artıq bir xeyli vaxtdır ki, müxtəlif səviyyələrdə bizdə turizmin inkişafına maneə olan məqamlarla bağlı müzakirələr aparılır. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərində ölkədə ixtisaslaşmış turizmin inkişafını təmin edə biləcək tədbirlərin görülməsi nəzərdə tutulur. Dünyada turizmin yaxşı inkişaf yolu keçdiyi ölkələrin bəlli təcrübələri var. Hesab edirəm ki, biz də bu təcrübələrdən bəhrələnərək, yerli və milli xüsusiyyətləri nəzərə alınmaqla, ölkədə turizmin inkişafının özümüzəməxsus bir modelini formalaşdırmalıyıq. Söhbət turizmin inkişafında dövlət səviyyəsində tənzimləmələrin necə aparılmasından gedir. Dünya təcrübəsində bir neçə modellər mövcuddur və hər bir model turizmin inkişafı ilə bağlı məsələlərdə dövlətin iştirakının səviyyəsini müəyyən edir. Məsələn, əgər hansısa bir dövlət ölkədə turizmin inkişafına xüsusi önəm verib, sahənin qaldırılmasında öz sözünü daha yaxından demək istəyirsə, onda o, xüsusi olaraq turizm nazirliyi və ya bunun analoqu olan başqa müstəqil bir qurum yaradır. Bəzi ölkələrdə isə sahənin dövlət tənziminə böyük yer verilmədiyindən bu sahədəki məsələləri tənzimləyən orqan başqa qurumların tərkibində yaradılaraq fəaliyyət göstərir. Hesab edirəm ki, məsələnin Azərbaycan üçün bugünkü aktuallaığını nəzərə alıb, dövlətin və ilk növbədə ölkə Prezidentinin məsələ ilə bağlı müəyyən etdiyi proqramların daha uğurla reallaşdırıla bilməsi üçün bizdə müstəqil turizm nazirliyinin yaradılmasına ehtiyac var. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Bu vacib bir məsələdir. Biz Ümumi Daxili Məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə - yən 10%-ə yaxınlaşmasını hədəfləyiriksə, onda belə seçim daha düzgün olardı.

Fikrət Yusifov

İqtisad elmləri doktoru, profesor



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024