Mobil versiya
Laçın-dirçələn Azərbaycan reallığı
Tarix: 30-08-2023 | Saat: 09:45
Bölmə:Siyasət / Özəl | çapa göndər

Laçın-dirçələn Azərbaycan reallığı

Bu gün cənab Prezident İlham Əliyevin həm beynəlxalq siyasi sferada həm də regionda həyata keçirdiyi fəaliyyətin bir istiqaməti var: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı bundan sonra da güclü dövlət kimi saxlamaq, heç kimdən və heç nədən asılı olmayan regional gücə çevirmək. İndiki şərtlərdə güclü iqtisadiyyat qeyd edilən məsələnin başlıca şərtidir və ölkə başçısının bu yöndə həyata keçirdiyi islahatlar, imzalanan müqavilələr, strateji tərəfdaşların çoxaldılmasına yönəlmiş siyasət bu məqsədə xidmət edir. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu bir reallıqdır və hamı tərəfindən də qəbul edilir. Çünki ortada ölçülüb biçilmiş strategiya, ağıllı diplomatiya var.
Cənab Prezident avqustun 26-da Laçında laçınlılarla birlikdə “Laçın Şəhəri Günü”nü qeyd edərkən çıxışını da bu not üzərində qurdu və dostlarımıza da, düşmənlərimizdə də ciddi mesajlar vermiş oldu.
Qeyd edək ki, Laçın böyük strateji əhəmiyyətə malik olan bir regiondur. MƏhz buna görə də ermənilər bu rayonun işğalına böyük üstünlük verirdilər. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Bu da ermənilərin nə qədər vəhşi və svilizasiyadan kənar olduğunun bariz nümunəsidir. Cənab Prezidentin də dediyi kimi “. Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.”
Lakin tarix ədalətsiz deyildir. Zaman keçdikcə ədalət öz yerini tutur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Rəşadətli ordumuz 2020-ci il 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsində erməni təxribatlarının qarşısını qəhrəmancasına alaraq, düşmənin layiqli cavabını verdi. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat üstün olduğunu bütün dünyaya sübut etdi.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Bu günü təkcə laçınlılar yox, bütün Azərbaycan xalqı qeyd edir.
2022-ci il sentyabr ayının 21-də Ali Baş Komandan İlham Əliyev Laçının mərkəzində Azərbaycan bayrağını ucaltdı. Beləcə, Laçına həyat yenidən qayıtdı. Yurda sarı köç karvanları yola düşdü. 31 illik həsrətdən sonra işğaldan azad edilmiş Laçın şəhərinə ilk köç bu ilin 28 may tarixində baş tutdu. 20 laçınlı ailədən ibarət 97 nəfər doğma yurd-yuvalarına qovuşdu. Ardıcıl olaraq həyata keçirilən köçürülmə prosesinə uyğun olaraq 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulur. Artıq Zabux öz sakinlərini qarşılayıb. Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola düşən köç karvanına Bərdə, Şirvan və Mingəçevirdən də qoşulan zabuxlu ailələr olub. İlkin olaraq kəndə 20 ailə, 88 nəfər köçürülüb.
Laçında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Tədbirdə çıxış edən ölkə başçısı deyib: “İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.”
“Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.”
Bəli, yenilməz sərkərdənin qəti sözü belədir. Bu gün Azərbaycan öz torpaqlarının ağasıdır, sahibidir. Bu gün ədalətin təntənəsdir. Bu gün xalqla hakimiyyətin vahid ideya ətrafında birləşməsinin, mübarizə aparmasının sübutudur.
“Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”-deyən Liderin xalqına, Vətəninə sevgisinin təzahürüdür.

Bəxtiyar Mustafayev,
YAP Mİngəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024