Mobil versiya
Elin nüfuzlu oğlu
Tarix: 08-07-2023 | Saat: 15:30
Bölmə:Özəl | çapa göndər

Elin nüfuzlu oğlu

Elə, obaya, kökə bağlılığı ilahi bir sevgidən yaranan, millət məhəbbətini illər boyu ürəyində, əməllərində yaşdan, mənəviyyatı paklıq dünyasından xəbər verən Adil Hüseynovun adı bir qayda olaraq həmişə Lerik rayonunda böyük hörmətlə çəkilir. Taleyini xalqın taleyinə bağlamaqla onun bu dağlar diyarında halal, toxunulmaz yeri vardır. Parlaq əməlləri insan xoşbəxtliyini özündə yaşadan işıq selinə dönüb daim ürəklərə sevinc gətirir. Bəli, yaxşılıq etməyi insanlıq borcu bilən bu ağıllı, müdirik şəxsiyyət indinin özündə harada olursa, oranın yaraşığına çevrilir. Elə insanlara göstərdiyi ilahi sevgiyə görə əsl övlad məhəbbəti ilə sevilir, hörməti hər yerdə, həmişə əziz tutulur.
1948-ci ildə Lerik rayonu, Bradi kəndində dünyaya göz açan Adil ülvi hisslərlə, müqəddəs duyğularla orta məktəbi başa vurur. Dərin zəkaya, yüksək mədəni səviyyəyə maılik bir yeniyetmə olaraq camaat arasında tanınır. Vətənpərvər, yurduna, torpağına bağlı olan bu yeniyetmənin parlaq gələcəyinə el-obada hamı inanır. Qəlbində çağlayan arzular onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna aparır. İmtahanları uğurla verib, ali məktəbə daxil olur. Ailə vəziyyətinə görə institutunun qiyabi şöbəsini seçir.
Adil sabahın yaxşı müəllimi, peşəsinin kamil bilicisi olmaqdan ötrü bütün zehnini, düşüncəsini işə salır. Lerikin ucqar kənd məktəblərində pedaqoji kadrlara zəruri ehtiyacı nəzərə alıb tələbə Adili 1969-cu ildə Kaqoy kənd məktəbinə müəllim təyin edirlər. O, bundan qürur hissi keçirir, qəlbən sevinir. Hər bir xalqın, millətin firavan, xoşbəxt yaşamasını təhsillə bağlayan Adil Hüseynov ilk gündən işinə tükənməz yaradıcılıq həvəsi göstərir. Müəllim adının böyüklüyünə, müqəddəsliyinə tapınmaqla başlıca məqsədi dərs keçdiyi uşaqlara möhkəm bilik verməklə bərabər, həm də onları vətənpərvər ruhda tərbiyə etməsi olur. Və zəngin dərrakəsi, nəcib davranış tərzi, sevib-seçdiyi peşəyə vurğunluğu, yaradıcı fəaliyyəti tez də onu istəyinə çatdırır. Günlər ötdükcə parlaq zəhməti daha aydın görünür. Nümunəvi işi, qazandığı ürəkaçan nəticələrlə insanları inandırır ki, müəllim həyatda ən böyük tərbiyəçi, parlaq gələcək naminə düzgün yol göstərəndir. Buna görə də tanıyanlar, bilənlər Adil Hüseynova əsl müəllim, əqidəsinə, amalına sadiq insan tək münasibət bəsləyir.
Tədris prosesində bir qayda olaraq adına, peşəsinə hörmət gətirən Adil müəllimi dağlar diyarının Vılık kəndindəki ibtidai məktəbə müdir göndərirlər. Yeni təhsil ocağında da öz şagirdlərinə vətən sevgisi, doğma torpağa sədaqət, təmiz duyğularla yaşamağı öyrədir. Gördükləri səmərəli olur, ürəyinin hərarəti gənc nəslin mənəvi aləminə yaxşı təsir edir, camaat Adil Hüseynovun xalqını, vətəni necə alovlu ürəklə sevdiyini aydın şəkildə görür.
Adil müəllim 1972-ci ildə rayonun Ləkər kənd ibtidai məktəbinə direktor və müəllim təyin olunur. Xalqın xoş gələcəyini düşünməklə biliyini, mənəvi saflığını ortaya qoyur. Diqqətini pedaqoji sahədə daha çox vacib olan məsələlərə yönəldir. Xüsusi məharəti, bacarığı hesabına bir sıra yeniliklər edir və məktəbdə təhsilin keyfiyyəti, səmərəliyi xeyli yüksəlir. Şagirdlər, eləcə də valideynlər Adil müəllimin simasında bacarıqlı, ağıllı, bilikli, sənətini sevən, yüksək mənəvi-əxlaqa malik bir kamil ziyalı, gözəl insan görürlər.
O, buradan ordu sıralarına gedir. Alovlu vətənpərvər gəncə olduğu hərbi hissədə hörmət bəsləyir, onun dağ vüqarına, dağ qüruruna heyran kəsilirlər. İki illik əsgəri xidmətini alnıaçıq başa vurur, işıqlı dünyada iz qoymaq xoşbəxtliyi ilə Ləkər məktəbində müəllim kimi pedaqoji fəaliyyətinə başlayır. Nəcib məqsədlər, amallar naminə daxildən gələn tükənməz həyat eşqi ilə günlərini insanlara layiqli xidmətə çevirir. Ən əsası öz vətənini, millətini, torpağını dərin məhəbbətlə sevməyi bacaran , bəşəri dəyərlərə səylə yiyələnən, yaradıcı, saf əqidəli gənclər tərbiyə etməklə el gözündə ucalır. Ağılla, kamalla atdığı addımlar sonradan çoxlarının həyatında nurlu şəfəqə dönür.
Lerik rayonu, Daster kənd məktəbində də Adil Hüseynov gənc nəslin təlim-tərbiyəsində yadda qalan izlər qoymuşdur. Onun mənalı ömrünün 30 ili bu təhsil ocağında keçmişdir. Həmişə də özünə, şərəfli müəllim peşəsinə hörmət qazandırıb. Məktəbdə uşaqlara dərs deməklə bərabər, həm də burada tədris işləri üzrə direktor müavini olur. Şagirdlərin ürəyinə yol tapmaqla onlara yüksək savad, əxlaqi keyfiyyətlər aşılayır. Gözəl, vicdanlı işi ilə bir daha göstərir ki, yaxşı müəllim cəmiyyətin tərəqqisində hər zaman hava, su, çörək qədər vacibdir. Bu şer parçası da ömrünü ilahi sevgi, saf tellərlə şagirdlərinə bağlamış Adil kimi müəllimlərə həsr edilibdir:
Müəllim! Nə ülvi, nə uca bir ad!
Sənə tay olanı görmədim heç vaxt.
Müəllim! Nə təmiz, nə şirin bir ad!
Yaşayır yaşadıqca bu kainat.
Qəlbi xalq məhəbbəti ilə döyünən Adil Hüseynov pedaqoji fəaliyyətinin bütün dövrlərində şövqlə, yorulmaz həvəslə çalışmış, humanizm, mənəvi paklıq, vətənpərvərlik hisslərin daşıyıcısı olmaqla yalnız insanlara fayda vermişdir. O, ulu öndər Heydər Əliyevin ölməz ideyalarını əldə rəhbər tutmaqla, məqamında sevgini xalq, dövlət yolunda təmənnasız xidmətə çevrə bilmişdir. Böyük vətənpərvər oğul dəfələrlə nümunəvi işinə görə fəxri fərmanlara layiq görülübdür.
Adil müəllim haqqında bir-neçə nəfərin ürək sözləri vardır. Həmin ürəkaçan fikirlərlə yazımı tamamlamaq istəyirəm.
Rəvvaq Nəcəfov( Bradi kənd sakini, təqaüdçü həkim):- Müdriklik zirvəsində olan Adil müəllim el təəssüfü çəkən, əməli düz, həmişə öndə olan ziyalıdır. Bu ağsaqqal yaşında gənclərin öyüd-nəsihət , yurdunun mənəvi dayaq yeridir. Yaşadığı cəmiyyətin bütün işlərini diqqət mərkəzində saxlayır, ağsaqqal missiyasını şərəflə daşıyır. Adil müəllim ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti ilə fəxr edir və respublikada aparılan işlərin fəal təbliğatçisıdır. O, Azərbaycan Ordusunun qazandığı şanlı zəfərlə qürur duyur, Prezident ilham Əliyevə iyirmi birinci əsrin qalib komandiri kimi sonsuz məhəbbət göstərir. Onu da bildirim ki, Adil müəllim gözəl bir ailə sahibidir. Cəmiyyət içərisində layiqli yeri olan, xalqına fayda vermək amalı ilə yaşayan övladlar böyütmüşdür. İki qız nəvəsi onun yolunu seçib.
Tural Əliyev( Daster kənd məktəbinin müəllimi):- Adil müəllimin zəngin, mənalı, şərəfli həyat yolundan biz gənclər həmişə öyrənirik. O, dərs dediyi məktəbdə uzun illər tədris işləri üzrə direktor müavini işləyib. Müəllimlik peşəsinin müqəddəsliyinə tapınmaqla indi də onun odu, hərarəti məktəbdə hiss olunur. Düzlüyü, vətənə bağlılığı, peşəyə sədaqəti ondan öyrənmişik. Tez-tez məktəbdə keçirilən tədbirlərin fəxri qonağı olur. Sağlam düşüncəsi, təhsillə bağlı əhatəli biliyi, yüksək insani keyfiyyətləri dərs prosesində əlimizdən tutur. Belə bir işıqlı ömür sahibi ilə öyünməyə dəyər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025