Mobil versiya
Qalibin qalibiyyət dastanı -Fotolar
Tarix: 26-06-2023 | Saat: 10:22
Bölmə:Özəl | çapa göndər

Qalibin qalibiyyət dastanı

30 il yağı tapdağında zülm çəkən müqəddəs Qarabağ torpaqlarını 44 gün içində azadlığa qovuşduran igidlərdən bir də Lənkəran rayonun Kərgəlan kəndində dünyaya göz açan Qalib Əbdüləhəd oğlu Əkbərzadədir. Ulu Tanrı bu igidi Vətən üçün həyata gətirmişdi. Elə Vətənə ilahi sevgisi onu 18 yaşında əbədiyyət zirvəsinə apardı. İndi hər dəfə lənkəranlıların dilində Qabilin adı səslənəndə hər kəc üçün şəhidlik ucalığında Vətən, torpaq sevgisi daha əzəli, əbədi görünür...
Lap uşaqlıdan ermənilərə nifrət bəsləyən Qalib 2019-cu ildə orta məktəbi bitirəndə tanıyanlar arasında əsl övlad məhəbbəti ilə sevilirdi. Bu xoş ünsiyyətli, əməli gözəl oğlan orta məktəbdə yaxşı qiymətlər almaqla bərabər, idman sahəsində də bir sıra uğurlara imza atmışdı. Axı o, həm də Lənkəran rayonunda yerləşən “Zirvə” idman klubunda ağır atletika ilə məşğul olurdu. Qalib kompüter kursu da bitirmişdi. Bu peşəni daha yüksək səviyyədə öyrənmişdi. Ən böyük arzusu ürək verib seçdiyi peşədə gərəkli işlər görməklə xalqına fayda vermək idi.
Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytaran Vətən müharibəsinin qalib şəhidi Qalibin əsgərlik həyatı Ağcabədidən başlanır. Vətənini canından artıq sevən igid əsgər nizam-intizama əməl edir, təlimlərdə yüksək döyüş keyfiyyətləri göstərir. Köksündə əsl qəhrəman ürəyi döyünən Qalib xüsusi təlimlər hesabına düşmənin daşını əzməyə özünü tam hazırlayır. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Qalib Füzulinin azadlığı uğrunda qorxmadan, çəkinmədən odun-alovun içində düşmənə amansız zərbələr endirir. Atəş nöqtələrini susdurub, onları pərən-pərən salır. Çoxlu faşist məhv etdikdən sonra özü də şəhid olur. Və yazdığı tarixlə bir daha göstərir ki, Vətənini canından əziz tutanların ömür yolu Vətən qədərdir...
Şəhidin anası Aidə xanım deyir:-   Oğlumu səkkiz ildən sonra tapmışdım... çox gözlədim onun yolunu gec gəldi, tez getdi... 2 bacının bir qardaşı idi Qalib. Böyük bacısı Aygün on birinci sinfi bitirəndə o, birinci sinfi bitirdi. Evdə ürəyimiz onunla döyünürdü. Bacıları Fidan və Aygün ilə aralarında böyük yaş fərqi olduğu üçün  ona  xüsusi qayğı göstərdilər. Tez böyüdü balam, 5 ayın əsgəri olanda müharibə başlandı... Hərbi xidmətini bitirib özünə parlaq həyat qurmaq istəyirdi. Saf arzularına qovuşa bilmədi... Bir evin 18 yaşlı madar balası indi bütün Azərbaycanın fəxridir. Mən Qalibin adını eşidəndə qürur duyuram. Ana ürəyidir... odlanır... Lənət olsun erməni faşistlərə. Dövlət oğlumun müharibə meydanında göstərdiyi qəhrəmanlığını “Vətən uğrunda”, “Şücaətə görə”, “Cəsarətli döyüşçü” və “Füzulinin azad olunmasına görə “ medallarına layiq gördü. Bəzən həmin medallara baxanda oğlum gəlib gözlərimin qarşısında durur. Xəyalımda qurduğum ilahi bir sevginin qanadlarında oğlumun işığına doğru yol alıram. Onun canı, qanı bahasına qoruduğu Vətən daha mənə müqəddəs görünür. Qalibin qalibiyyət dastanına tapınmaqla ömrüm davam edir. Gecələr yuxuma gələndə Qaliblə özümü dünyanın ən xoşbəxt anası sayıram. Və deyirəm: ”Sağ ol, əziz balam. Torpağı Vətən etməklə bütün elə şərəf gətirdin. Südüm sənə halal olsun!”

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025