Mobil versiya
Ulu Öndər Heydər Əliyevin adı və ideyaları əsrlər boyunca Azərbaycan xalqının qəlbində və əməllərində yaşayacaq
Tarix: 13-06-2023 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin adı və ideyaları əsrlər boyunca Azərbaycan xalqının qəlbində və əməllərində yaşayacaq

“1993-cü ilin yayında Azərbaycan Cənubi Qafqaz regionunun ən qaynar nöqtəsinə çevrilmək üzrə idi. Həmin vaxt davam edən və getdikcə böyüyən erməni işğalı onsuz da torpaqlarımızı müharibə ocağına çevirmişdi. Lakin bu azmış kimi, bir tərəfdən də daxili separatçı qüvvələr, hakimiyyəti bölüşə bilməyən siyasətbazlar ölkəni parçalamaq niyyətində idilər. Respublikada vətəndaş müharibəsinin alovlanması hər an baş verə bilərdi. 1991-ci ildən ölkə rəhbərliyində bir-birini əvəzləyən qrup və şəxslərin səriştəsizliyi, siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından öndə saxlamaları ucbatından Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül baş alıb gedir, silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Belə bir mürəkkəb və təhlükəli məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bir daha bütün həyatını öz xalqına həsr etdiyini sözləri ilə deyil, əməlləri ilə isbatladı. Xilaskarlıq missiyasını üzərinə götürən Ümummilli Lider ilk növbədə vətəndaş müharibəsinin qarşısını aldı və ölkədə ilk dövrdə kövrək də olsa sabitliyə nail oldu. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkə qurtuluş və nicat yoluna qədəm qoydu. Azərbaycan xalqının ümummilli lideri. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Məhz bütün bunlara görə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. ”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Akif Məmmədov deyib.


Daha sonra müsahibimiz öz fikirlərini davam etdirərək bildirib ki, müasir müstəqil Azərbaycanın bugünkü inkişafının təməlində duran ən mühüm amillərdən biri 1994-cü ildə I Qarabağ savaşında atəşkəsin əldə edilməsi, digəri isə “Əsrin müqaviləsi”nin imzalanması olub: “Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanda sabitliyin, iqtisadi tərəqqinin geniş vüsət almasında Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 12 may 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanmasının xüsusi yeri vardır. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin bu mühüm addımı müharibə şəratində yaşayan ölkəmizin qarşısında yeni imkanlar açdı. Ulu Öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüququnu təmin etdi. İnsan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması və s. kimi demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Uğurlu daxili siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Azərbaycanın malik olduğu iqtisadi resurslardan səmərəli isifadəni təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanasına nail oldu. Bu saziş Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin dünya birliyində yeri və rolunu möhkəmləndirdi, etibarlı tərəfdaş kimi nüfuzunu artırdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan neft və qaz sazişləri, Anlaşma memorandumları bu günümüz üçün möhkəm baza formalaşdırdı. Məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi, əlaqələr regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru inkişaf etdi. Beləliklə, Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycanı qurdu. Ümummilli Lider Azərbaycanı xalqa, azərbaycanlıları isə özlərinə qaytardı.”

Həmçinin A.Məmmədov qədirbilən Azərbaycan xalqının öz xilaskar oğlunun əziz xatirəsini hər zaman qəlbində və əməllərində yaşadacağını vurğulayaraq bunları deyib: “Bu gün müstəqil Azərbaycanın bu gün dünyaya səs salan uğurları Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyasının, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyətinin aydın ifadəsini yaradır. Son 20 ildə Heydər Əliyevin siyasi kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha yüksək zirvələri fəth etməkdədir. Möhtərəm dövlət başçımızın yürütdüyü düşünülmüş daxili və xarici siyasətin nəticəsi olaraq ardıcıl əldə edilən diplomatik qələbələr və iqtisadi imkanların artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, gücünün, qüdrətinin artması yeganə problemimiz olan Qarabağ münaqişəsinin həllinə yol açdı. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltdi, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açdı. İşğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan respublikamızın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirib, Azərbaycanı dünya miqyasında söz və nüfuz sahibinə çevirib. Azərbaycan xalqı bu il Milli Qurtuluş Gününü Heydər Əliyev İlində qeyd edir. Ulu Öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə bağlı Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam bütün xalqın öz böyük xilaskar oğluna bəslədiyi sonsuz məhəbbət və ehtiramının bariz ifadəsidir. Ulu Öndər Heydər Əliyevin adı və ideyaları əsrlər boyunca Azərbaycan xalqının qəlbində və əməllərində yaşayacaq”, - deyə Akif Məmmədov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024