Mobil versiya
Canəhməd Əhmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində xilaskar və qurucu zirvəsinə yüksəlmiş yeganə liderdi”
Tarix: 10-06-2023 | Saat: 12:40
Bölmə:Özəl | çapa göndər

Canəhməd Əhmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində xilaskar və qurucu zirvəsinə  yüksəlmiş yeganə liderdi”

Bu il Azərbaycan xalqı özünün ən əhəmiyyətli bayramlarından birini, 15 İyun – Milli Qurtuluş Gününü bütün tariximiz üçün ən əlamətdar bir ildə, Heydər Əliyev İlində qeyd edir. Mövzu ətrafında əməkdaşımızın suallarını Azərişıq ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədov cavablandırır.

- Canəhməd müəllim, ilk növbədə bizimlə həmsöhbət olmaq üçün zaman ayırdığınıza görə Sizə təşəkkür edirəm və elə dərhal da mövzuya keçmək istəyirəm. Yəqin mənimlə razılaşarsınız ki, yaşadığımız 2023-cü il Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir ildir. Əlbəttə ki, bu il qeyd etdiyimiz tarixi günlər arasında 15 İyun tarixinin xüsusi yeri və önəmi var. Bu barədə oxucularımızla hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Həqiqətən də bu il xalqımızın tarixində ən əlamətdar, ən şərəfli dövrlərdən biri olaraq qalacaq. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması birmənalı olaraq bütün xalqın iradəsinin ifadəsi və öz böyük xilaskar oğluna olan sonsuz sevgi və ehtiramının nöbəti təsdiqidir. Siz də bilirsiniz ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqelərə yüksəlib. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə, həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etdiyinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində bu, bütün xalqın qəlbinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

- Bu gün Ulu Öndərimizin xilaskarlıq missiyasından danışarkən həmin illərdə cərəyan edən hadisələri həyəcansız xatırlamaq mümkün deyil. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin öz tarixi missiyasını yerinə yetirərkən qarşılaşdığı risk və təhlükələr barədə nə deyə bilərsiniz?

- Heydər Əliyev Azərbaycan tarixində xilaskar və qurucu lider statusuna yüksəlmiş yeganə şəxsiyyətdir. Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran Ulu Öndər eyni zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider öz xalqı, öz ölkəsi naminə istənilən çətinlik və təhlükələrlə üz-üzə gəlməyə hər zaman hazır idi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu.

- Canəhməd müəllim, Ümummilli Liderimizin müəllifi olduğu milli azərbaycançılıq ideologiyasının ölkənin bugünkü ictimai həyatında rolu barədə nə deyə bilərsiniz?

- Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aşkar şəkildə büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün – 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin vaxtında və düşünülmüş şəkildə atdığı addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün etdi. Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratdı.

- Son iyirmi il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ictimai tərəqqiyə yeni güclü təkan verib. İstərdim ki, sonda bu barədə də oxucularımızla öz fikirlərinizi paylaşasınız.

- Bu gün Azərbaycan dövlətinin daxili və xarici siyasəti cənab Prezident İlham Əliyev tərəfindən dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilir. Müstəqil Azərbaycan dövləti artıq uzun müddətdir ki, regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bu möhtəşəm layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir. Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük qələbələrə imza atacağını təsdiq edir. Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, dinamik inkişaf edir və qazanılan bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

- Canəhməd müəllim, maraqlı müsahibəyə və ətraflı, dolğun cavablarınıza görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi:
Tərlan Həsənov
Vasif Kərimov

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024