Mobil versiya
Telman Quliyev: “Azərbaycanın 1993-cü ilin 15 iyun tarixində qədəm qoyduğu zəfər yolu bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarının nuru ilə işıqlandırılır”
Tarix: 10-06-2023 | Saat: 12:05
Bölmə:Özəl | çapa göndər

Telman Quliyev: “Azərbaycanın 1993-cü ilin 15 iyun tarixində qədəm qoyduğu zəfər yolu bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarının nuru ilə işıqlandırılır”

“Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə sevirdi. Məhz Ulu Öndərimizin bu sevgisi və əlbəttə ki, dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali keyfiyyətləri ona Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Təmsil etdikləri xalqın, ölkənin və dövlətin taleyində dahi şəxsiyyətlərin oynadıqları rolun əhəmiyyətini düzgün qiymətləndirə bilmək üçün ən obyektiv istinad yeri əlbəttə ki, tarixi reallıqların müqayisəsidir. Məhz bu baxımdan bu gün biz birmənalı olaraq qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan hər zaman problemlərin həllinə doğru qətiyyətlə irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə dinamik inkişaf edən, insan amilinin uca tutulduğu ölkə olub. Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə Ümummilli Lider Heydər Əliyev respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını təlqin edir, ana dilinə, dini-tarixi dəyərlərə bağlılığı, milli-mənəvi irsimizin təbliğatını aparırdı. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Xüsusilə Sovet dönəmində, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı dövrə qədər Azərbaycanın ictimai-siyasi həyatında yaşanan böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. 1969-cu ildən başlayaraq Ümummilli Lider ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını aldı və onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etməyə başladı. Buna görə də ötən yüzillikdə azərbaycançılığın ən parlaq səhifələrinin məhz həmin ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən faktdır. Ulu Öndər gərgin fəaliyyəti sayəsində xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır.”

Bu sözləri AİA.Az verdiyi açıqlamasında Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqi Respublika Komitəsi sədiri Telman Quliyev deyib.

Daha sonra müsahibimiz 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı fikirlərini paylaşaraq bunları deyib: “Müstəqilliyimizin ilk illərində davam edən və 1993-cü ilin yayında kulminasiya nöqtəsinə çatan hadisələr xalqın taleyini, dövlətin mövcudluğunu böyük təhlükə qarşısında qoymuşdu. Belə bir həlledici məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və sözün əsil mənasında xilaskarlıq missiyasını öz üzərinə götürdü. Xalq Heydər Əliyevə sevgisini öz dahi rəhbərinin ətrafında sıx birləşməklə göstərdi. Ulu Öndəri hakimiyyətə xalqın sevgisi və iradəsi gətirmişdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu tarixi gün xalqımız və dövlətçiliyimiz üçün həqiqətən də əsl qurtuluş günüdür. Bu tarixi yaradan isə müasir müstəqil Azərbaycan dövlətini quran, müstəqilliyin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Ulu Öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsil zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək, öz istək və arzularının nəzərə alınmasını və bu günün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsini tələb edirdilər. Nəticədə insanların bu arzusu reallığa çevrildi. Bu il isə, qədirbilən Azərbaycan xalqı Milli Qurtuluş Gününü xüsusilə əlamətdar bir zamanda, öz dahi xilaskar oğlunun 100 illik yubileyi ilə eyni ildə, Heydər Əliyev İlində qeyd edir.”

Öz fikirlərini davam etdirən Telman Quliyev həmçinin bildirib ki, Azərbaycanın 1993-cü ilin 15 iyun tarixində qədəm qoyduğu zəfər yolu bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarının nuru ilə işıqlandırılır: “Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında bütün sahələrdə özünü aşkar şəkildə büruzə verir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Heydər Əliyev siyasət xəttinin 2003-cü ildən sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində isə, Azərbaycan bu gün artıq təkcə regionun deyil, həm çinin dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsi oldu. Xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu. Ötən illər ərzində Azərbaycan misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmaqla, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri olan önəmli bir ölkəyə çevrilmişdir. Respublikamızda çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq ölkəmizdə dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Azərbaycan xalqı XXI əsrə məhz Heydər Əliyev ideyalarının nurunda qədəm qoymuşdur. Bu nur əsrlər boyunca doğma Azərbaycanımızı daha möhtəşəm qələbələrə, daha böyük uğurlara doğru aparacaq” – deyə, Telman Quliyev öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024