Mobil versiya
Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir göstəricisi
Tarix: 01-06-2023 | Saat: 13:39
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir göstəricisi

Mayın 25-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Prezident cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək beynəlxalq əməkdaşlığın ikitərəfli formatının uğurla inkişaf etdiyini vurğuladı. Bu gün həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir.
Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən Prezident cənab İlham Əliyev sabit əməkdaşlıq əlaqələrini xüsusilə qeyd etdi. Məlumdur ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Ölkə başçısı ötən ilin göstəricilərini diqqətə çatdıraraq Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini bildirdi. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu ilin yanvar-aprel aylarında da qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb.
Prezident cənab İlham Əliyev ölkəmizin böyük həcmdə nəqliyyat-tranzit imkanlarından bəhs edərkən bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Ölkə başçısı həmçinin diqqətə çatdırdı ki, Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Bundan əlavə, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Həmçinin Azərbaycan  strateji əhəmiyyət daşıyan logistik layihələrin mərkəzi rolunu uğurla icra edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Eyni zamanda, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Bu nəqliyyat dəhlizi bütün regionun sürətli inkişafına səbəb olacaq.
Prezident cənab İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.  Prezident cənab İlham Əliyev onu da xüsusilə qeyd etdi ki, “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona Ermənistanın baş naziri kimi məna vermirlər. Ölkə başçısı həmçinin qətiyyətli formada bəyan etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024