Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Litva strateji əlaqələrinin dinamik inkişafı uğurlu xarici siyasətin daha bir göstəricisidir”
Tarix: 24-05-2023 | Saat: 09:18
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Litva strateji əlaqələrinin dinamik inkişafı uğurlu xarici siyasətin daha bir göstəricisidir”

“Azərbaycanın Baltikyanı ölkələrlə, o cümlədən Litva ilə münasibətlərindən danışarkən, ilk növbədə qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı ki, onlardan ən əhəmiyyətlisi kimi “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə qeyd edilməlidir. Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdi: “Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir.” Dövlət başçımızın səsləndirdiyi həmin fikirlər bu gün gedən proseslərdə öz təsdiqini tam olaraq tapır. O cümlədən cənab Prezident İlham Əliyevin may ayının 21-22-də Litvaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi deyil ki, dövlətimizin başçısı Vilnüsdə mətbuata bəyanatla etdiyi çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Azərbaycan və Litva Prezidentlərinin apardıqları müzakirələrdə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət mövzusunun mühüm yer tutduğunu vurğulayaraq bunları deyib: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda yaranmış yeni regional reallıqlar barədə fikir mübadiləsi dövlət başçıları arasında aparılan müzakirələrdə xüsusi yer tutub. Cənab Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz regionu sülh, əməkdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Lakin Azərbaycan yenə də sülh danışıqlarının aparılması ilə Qafqaza əmin-amanlıq və inkişaf gətirməyə çalışır. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Bununla belə dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir.”

Həmçinin N.Aslanov bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamlarının ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlı olduqlarını qeyd edib: “İlk növbədə 2022-ci il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət olmuşdu. Bundan bir il sonra, cari ilin may ayının 22-də isə növbəti Azərbaycan-Litva biznes forumu Vilnüsdə keçirildi. Forumda çıxış edən cənab Prezident İlham Əliyev qeyd etdi ki, bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Yaradılmış birgə iqtisadi komissiya biznes dairələrinin səylərini əlaqələndirmək, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirmək və tərəfdaşlıq üçün çərçivə yaratmaq baxımından əhəmiyyətli rol pynayır. Həmçinin dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlıq üçün potensialın kifayət qədər böyük olduğunu vurğuladı. O cümlədən Azərbaycan və Litva bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə irəliləyirlər. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı mövcuddur. Azərbaycan isə, həm də ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. Bu gün Azərbaycan Avropanın etibarlı təchizatçısı kimi yalnız neft, təbii qaz və elektrik enerjisi ixrac edirsə, yaxın gələcəkdə ölkəmiz həmçinin yaşıl hidrogen ixrac etməyi planlaşdırır. Birmənalıdır ki, bu gün Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Azərbaycan-Litva əməkdaşlığının dərinləşməsi ilə bu xəritəyə daha əhəmiyyətli yeniliklər əlavə olunacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024