Mobil versiya
Məhkəmə pərdəsi arxasında gizlənən dəhşətli sahibkar qətliamı! - “Tovuz Baltiya”nın işi üzrə ŞOK detallar
Tarix: 26-10-2026 | Saat: 16:59
Bölmə:Ölkə | çapa göndər

Məhkəmə pərdəsi arxasında gizlənən dəhşətli sahibkar qətliamı! - “Tovuz Baltiya”nın işi üzrə ŞOK detallar

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket üsullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil. 2007-ci ildə “Tovuz Baltiya” da “boz kardinal”ın sərhədsiz iştahına tuş gəlib. O gün, bu gün! “Yelo Bank” Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil edən “Tovuz Baltiya”nın yaxasından əl çəkmir!

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) “Tovuz Baltiya”nın borcu sıfır olduğu halda, “Yelo Bank” şirkətdən 1,5 milyon manat tələb edir. Dəyəri 14 milyon manat olan nəhəng istehsal müəssisəsini cəmi 447 min manata qiymətləndirilərək ələ keçiriblər. Adi hesab maşını bu rəqəmləri hesablaya bilər, bəs bu absurd ziddiyyəti kim izah edəcək?

Bank 34 ay ərzində məhkəmənin tələb etdiyi sorğuları vermir, hakim isə qələbəni ona verir: Multfilm!
Növbəti dəfə, 8 ay müddətində “Yelo Bank” məhkəməyə ekspertizanın keçirilməsi üçün sənədləri təqdim etmir. Ümumilikdə 34 ay ərzində bank ekspertlərin rəsmi vəsatətlərinə baxmayaraq, ssuda hesablarından çıxarışları məhkəməyə təqdim etməkdən boyun qaçırıb. Bunun səbəbi hakim Zaur Hümmətov istisna olmaqla hər kəsə gün kimi aydındır: ssuda hesabından çıxarış təqdim olunsa, sahibkarın banka 1 milyon 500 min manat borcunun olmadığı sübuta yetiriləcəkdi.

Hakim hazırlıq iclasında verdiyi qərardadda guya əvvəlki tədqiqatdakı boşluğun aradan qaldırılmasını əsas gətirmiş, təkrar ekspertiza təyin edilməsini və başqa ekspertə həvalə olunmasının vacibliyini göstərmişdi.

Lakin 28.02.2023-cü il tarixində Zaur Hümmətov №2(062)–60/2023 saylı qətnamə çıxarır və hüquq ədəbiyyatına düşəcək bir cümlə yazır: “Məhkəmə bankların mülki dövriyyənin sabitliyini təmin etməklə bağlı böyük rolu olmasını nəzərə alaraq, həm prosessual qənaət prinsipi baxımından, həm də işdə olan sübutlar əsasında iddia tələbinə hüquqi qiymət verilməsinin mümkün olduğundan təkrar ekspertiza tədqiqatına zərurət görmür”.

Yəni hakim özünün 13.06.2022-ci il tarixli qərardadında işdə ekspertiza üçün kifayət qədər sübut olmadığını və tədqiqatdakı boşluğun aradan qaldırılması üçün təkrar ekspertizanı vacib saydığını yazdığı halda, yekun qətnamədə tam əksini bəyan edərək “Yelo Bank”ın heç bir maliyyə altsənədi olmayan, havadan yazılmış “maliyyə arayışı”nı “mötəbər” sübut kimi qəbul edir.

Hakim “ASAN xidmət”in, Mərkəzi Bankın və Ədliyyə Nazirliyinin mötəbər dövlət sənədlərini sadəcə görməzdən gəlir. Qətnamədə 9 milyon manatlıq əmlakın 437 min manata endirilərək hərrac yolu ilə satılmasını da yazır.

Sahibkar qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verir. Hakim Afiq Hüseynzadə işə baxarkən ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsini tələb edir. Bildirir ki, əmlak real bazar dəyərindən 30 dəfə aşağı – ümumi real bazar dəyərinin 3,4 faizi həcmində qiymətləndirilib. Lakin hakim vəsatəti rədd edir, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərar verir.

Ədliyyə Nazirliyinin təlimatı Gəncə Apellyasiya Məhkəməsində keçərli deyilmiş!
Üstəlik, Tovuz Rayon Məhkəməsi hakiminin qərəzli mövqeyi bir qədər də aşılır: hakim Afiq Hüseynzadə Ədliyyə Nazirliyinin “Ekspertizaların keçirilməsi haqqında” Təlimatını bir kənara qoyur, yalnız özünün təqdim etdiyi cari hesabdan çıxarış sənədi və bankın maliyyə arayışı əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi haqda qərardad çıxarır.

Təlimata görə, məhkəmə-mühasibatlıq ekspertizası komission keçirilməli olsa da, hakim qanunun bu tələbinə də məhəl qoymur. Afiq Hüseynzadə öz qərarında iş üzrə yalnız 2 (30 dekabr 2020-ci il tarixli, 15 noyabr 2021-ci il tarixli) ekspertizanın keçirilməsini göstərsə də, hakim Zaur Hümmətovun qərardadı əsasında təyin edilmiş 3-cü (13 iyul 2022-ci il tarixli) əlavə ekspertizanı gizlədir.

Hakimin məqsədi odur ki, o, komissiya ekspertizası keçirmədən, 2 eksperti işə cəlb etməkdən yayınmaqla yalnız özünün təqdim etdiyi cari hesabdan çıxarış sənədi və bankın maliyyə arayışı əsasında ekspertiza keçirilməsinə nail olsun. Nəticədə ekspertiza yalnız həmin cari hesabdan çıxarışa istinad etməklə 1 milyon 83 min 915 manat cəmi borc məbləğinin olduğu qənaətinə gəlib.

Halbuki “Banklar haqqında” Qanuna görə, kreditin mövcudluğunu təsdiqləyən yeganə hüquqi sənəd bankın ssuda hesabından çıxarış sənədidir. Bunu “Yelo Bank”la “Azər-Frans” arasında bağlanmış əsas kredit müqaviləsinin müvafiq bəndləri də imperativ qaydada təsdiq edir.

Hakim Afiq Hüseynzadə isə qanunun tələbini bir kənara qoymaqla ssuda hesabından deyil, cari hesabdan çıxarış təqdim etməklə yanlış, cinayətə bərabər əməllərə yol açan rəyin verilməsinə nail olub.

Uşaqlar, bəlkə başqa nağıl uydurasınız?
Lakin ekspert rəyində hakim Afiq Hüseynzadənin görmək istəmədiyi çox incə və maraqlı bir məqam var: rəydə yazılır ki, iş materiallarında “Azər-Frans”a bank tərəfindən heç bir cərimə hesablanmadığından rəy üzrə MMC-yə cərimə hesablamaq da mümkünsüzdür.

Necə yəni? Bank kredit üzrə ödəniş etməkdən yayındığını iddia etdiyi MMC-yə cərimə hesablayıb? Buna məktəbli də inanmaz, hakim necə inanıb?

Hələ “Azər-Frans”la bank arasında bağlanan əsas kredit müqaviləsində cərimələrlə bağlı şərtlər nəzərdə tutulub və hər gecikmə gününə görə cərimənin miqdarı müəyyən olunub. Yəni bank milyon yarımlıq borc tələb etsə də, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə yazmayıb?

Axı bu, bankçılıq qaydalarına və imzalanan kredit müqaviləsinin tələblərinə ziddir. Azərbaycanda bankların borcə görə cərimə tətbiq etməsi geniş yayılmış praktikadır. Şübhələri birə beş artıran daha bir məqam odur ki, “Yelo Bank” “Tovuz Baltiya”ya 683 min manat cərimə hesabladığı halda, “Azər-Frans”a 1 qəpik olsa belə, cərimə hesablamayıb. Niyə?

Afiq Hüseynzadənin çıxardığı qətnamədən sahibkar Ali Məhkəməyə kassasiya şikayəti verib. Hakim Əhliman Xıdırovun sədrliyi ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Ali Məhkəmənin qərarı da kənarda qaldı, 14 milyonluq əmlak 447 minə banka ötürüldü - xortumlandı!
02.09.2024-cü ildə Ali Məhkəmənin qərarından sonra Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi icraya yönəldilir. 31 yanvar 2025-ci il tarixində məhkəmə aktı qüvvəyə minir. Bundan sonra Tovuz Rayon İcra və Probasiya Şöbəsi məlum olmayan səbəbdən, sahibkara heç bir məlumat vermədən ipotekada olan 14 milyonluq mülkü 447 min manata “Yelo Bank”a təklif edir. Eyni gündə – 14 oktyabr 2025-ci ildə şöbəyə bankın məktubu daxil olur. Həmin məktubla bank əmlakların qəbul edilməsinə razılıq verir, sənədlərin hazırlanmasını xahiş edir.

Halbuki Ali Məhkəmənin qərarında “Azər-Frans”a məxsus əmlakların hərracdan satılması və əldə olunan vəsait hesabına borcların bağlanması aydın şəkildə göstərilib. Ali Məhkəmənin qərarından açıq-aşkar kənara çıxma, əmlakları birbaşa, hərrac keçirmədən, yeni qiymətləndirmə təyin etmədən 14 milyonluq əmlakın 447 min manata “Yelo Bank”a ötürülməsi ortalıqdadır!

17 mart 2026-cı ildə “Tovuz Baltiya”ya məlum olur ki, əmlakların qəbulu banka təklif edilib. Sahibkar bu təklif barədə ətraflı məlumat verilməsi üçün icra şöbəsinə müraciət etsə də, cavab verilmir. Buna görə də Tovuz Rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinə iddia təqdim olunur.

Həmin dalğa, həmin koordinat!
İddiaya baxılması qərəzli mövqeyi ilə seçilən hakim Zaur Hümmətova həvalə olunur. “Azər-Frans” eyni iş üzrə eyni hakimin qeyri-obyektiv mövqe tutmasını əsas tutaraq ona etiraz təqdim edir. Məhkəmə sədri etirazı rədd edir və Zaur Hümmətov 04.02.2026-cı il tarixində iddianı rədd edir. Məhkəmədən sonra məlum olur ki, ipoteka predmetinin qəbul olunması barədə icra şöbəsi 14 milyonluq əmlakın 447 min manata qəbul edilməsi ilə bağlı “Yelo Bank”la bərabər protokol tərtib edib.

Deputatın adı da “Yelo Bank” - “Tovuz Baltiya” çəkişməsinə qarışdı
“Azər-Frans” icra şöbəsinin protokolunun ləğvi ilə bağlı Tovuz Rayon Məhkəməsinə daha bir şikayət verir. Məhkəmənin sədri Qafil Baxşıyev şikayəti qəbul etmir, şikayətə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirir.

MMC Gəncə Kommersiya Məhkəməsinə müraciət edir. 24.04.2026-cı ildə məhkəmə işi icraata qəbul edir və dərhal müvəqqəti təminat tədbiri görür. Bankın bu tədbirin ləğvi ilə bağlı şikayətini Gəncə Kommersiya Məhkəməsi təmin etmir və işi Gəncə Apellyasiya Məhkəməsinə göndərir. Gəncə Apellyasiya Məhkəməsində “Yelo Bank” İdarə Heyəti sədrinin həyat yoldaşı, deputat Sevinc Fətəliyevanın adı meydana çıxır. Bundan sonra 28.04.2026-cı ildə Gəncə Apellyasiya Məhkəməsi müvəqqəti təminat tədbirini ləğv edir və işin Tovuz Rayon Məhkəməsinə qaytarılmasına qərar verir. İş yenidən hakim Qafil Baxşıyevin icraatına verilir.

Sahibkar məhkəməyə əmlakların yenidən qiymətləndirilməsi ilə bağlı 14 milyon manatlıq yeni rəy təqdim edir. İpoteka predmetinin açıq hərrac yolu ilə satılmasının göstərildiyini əsas tutaraq əmlakların birbaşa verilməsi haqda protokolların ləğvini xahiş edir. Lakin hakim Qafil Baxşıyev 14 avqust 2026-cı il tarixli qətnamə ilə iddianı rədd edir.

Həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilib. Şikayətə hakim Fikrət Mehdiyevin sədrliyi ilə baxılacaq. 2026-cı il isə sona çatmaq üzrədir. “Tovuz Baltiya”nın 2012-ci ildə, yəni 14 il əvvəl zavodla bağladığı 4 milyon 200 min avroluq müqaviləsi məhkəmələrin uzanması səbəbindən hələ də baş tutmayıb.

Bu eybəcər çəkişmədə uduzan kimdir?
Bütövlükdə Azərbaycan iqtisadiyyatı, milli sahibkarlıq və doğma Vətənini sevə-sevə ucqar bir rayonda daşı daş üstünə qoyan, iş yeri yaradan, can yandıran yerli iş adamıdır! Bu alçaq ssenarinin sonunda uduzan yalnız Naiq Məmmədhəsənov deyil. Uduzdurulan Azərbaycan iqtisadiyyatıdır, ucqar bir bölgədə alnının təri ilə milli brend yaradan zəhmətkeş azərbaycanlı sahibkardır! Qalib elan edilən, bayraq edilən isə rus bankıdır! Bir milli sahibkarın 37 illik əməyini rus kapitalının ayaqları altına atmaq hansı vicdana, hansı dövlət marağına sığır?!

P.S. Araşdırmada adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

E.Məmmədəliyev,
Musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026