Mobil versiya
Geosiyasi dəyişikliklər fonunda güclü və inkişaf ertmiş dövlətə çevrilmək Azərbaycan reallığıdır
Tarix: 10-05-2023 | Saat: 16:48
Bölmə:Ölkə | çapa göndər

Geosiyasi dəyişikliklər fonunda güclü və inkişaf ertmiş dövlətə çevrilmək Azərbaycan reallığıdır

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev bir daha Azərbaycan reallıqlarını dünyaya bəyan etmişdir.
Ermənistan-Azərbaycan münasibətlərinə, hazırda gedən danışıqlar prosesinə aydınlıq gətirən cənab Prezident eyni zamanda dünyada gedən proseslərdə ölkəmizin yeri və rolu haqqında fikirlər söyləmişdir. Ermənistanın reallığı qəbul edərək sülh sazişi imzalamayacağı təqdirdə bir dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşəcəyini bildirən ölkə başçısı əksinə olaraq, ölkəmizin Avropa və digər dünya dövlətləri ilə reallaşdırdıqları layihələrin əhəmiyyətini də vurğulamışdır. Rusiya- Ukrayna müharibəsinə münasibət bildirən ölkə başçısı demişdir: “Əlbəttə ki, bu qarşıdurmanın necə başa çatacağını, Rusiya-Ukrayna müharibəsinin nə vaxt və necə başa çatacağını, bu müharibə başa çatandan sonra geosiyasi vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki gec-tez müharibə başa çatacaq. Baxmayaraq ki, biz müharibənin aparılma tərzinin dəyişdiriləcəyini istisna edə bilmərik. Lakin yenə də bu barədə danışmaq hələ tezdir. Beləliklə, hər şey bundan asılı olacaq. Lakin tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Bu, tamamilə aydındır. Düşünürəm ki, bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Çünki onlar özləri rəhbərlik səviyyəsində etiraf ediblər ki, özlərini müasir silahlar, sursatlarla təchiz etmək üçün kifayət qədər iş görməyiblər. Ola bilsin, onlar görüblər ki, malik olduqları ilə bağlı bəzi statistik məlumatları doğru deyil. Bu, bəzən baş verir. Beləliklə, düşünürəm ki, bu geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq.”
Geosiyasi dəyişikliklərin indiki zamanda çox sürətlə getdiyini, reallıqların qəbul olunmasının inkişafa təkan verdiyini xatırladan cənab Prezident qeyd etmişdir: “Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır. Əlbəttə ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var. Mən ölkəmizin perspektivləri ilə bağlı bədbin fikirdə deyiləm, daha çox nikbin fikirdəyəm, lakin həmişə realist olmağa çalışıram.”
Son 20 ildə cənab prezidentin həyata keçirdiyi siyasətin əsas mahiyyəti güclü dövlət modelinin formalaşdırılması olduğunu nəzərə alsaq, demək olar ki, buna nail olunmuşdur. İlk növbədə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş enerji siyasətinin cənab prezident tərəfindən davam və inkişaf etdirilməsi indi hamı tərəfindən etiraf və qəbul olunur. Bu da Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayan amillərdən biri olmuşdur. Azərbaycanın iştirakı ilə reallaşdırılan hər bir layihədə dövlətimizin, onu rəhbərinin ardıcıl və qətiyyətli mövqeyi xüsusi rə\ğbətlə qarşılanır. TANAP, TAP kimi qlobal layihələrin icrasında potensialın nəzərə alınması və gələcək strategiyanın düzgün müəyyən olunması bir çoxlarının bədbin proqnozlarını heçə endirməklə bərabər, Azərbaycan rəhbərinin uzaqgörən siyasətinin əhəmiyyətini üzə çıxarmış oldu. Konfransda səsləndirilən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə münasibət bildirən ölkə başçısı demişdir: “Azərbaycan beynəlxalq konfransa dəvət almış və orada yüksək səviyyədə iştirak etmiş məhdud sayda ölkələrdən biri idi. “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş bu konfrans Çində 2019-cu ilin yazında keçirildi. Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunur. Biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə, odur ki, biz öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Artıq qeyd etdiyim kimi, nəqliyyat infrastrukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün onu tamamilə müasirləşdirmişik və hələ də son tamamlama işlərini görürük. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var və həmçinin demək istərdim ki, ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb. Bu layihə bir neçə il müzakirə mərhələsində idi. Buna artıq rəsmi olaraq başlanılıb və bu, onu göstərir ki, əgər başlayıbsa, deməli, işləyəcək. Mütləq, daha çox yük daşınacaq. Hazırda biz Xəzərin şərq sahillərində və ümumiyyətlə Mərkəzi Asiyada tərəfdaşlarımızla birlikdə vahid tariflərin müəyyən olunması üzərində, bu yolun təkcə nəqliyyat təhlükəsizliyi baxımından deyil, həm də kommersiya baxımından əhəmiyyətli olması üzərində işləyirik və bu, mümkündür. Əgər bu layihələrdə iştirak edən hər bir ölkə ədalətli şəkildə davransa və biz vahid tariflərin müəyyənləşdirilməsinə, eləcə də gömrük idarəçiliyinə dair razılığa gəlsək, bu, həm də bürokratik prosedurları məhdudlaşdırmaq üçün, birgə əməliyyatların elektron formalarının daha çox olması baxımından olduqca vacibdir.”
Azərbaycan-İran münasibətlərinin tarixinə ekskurs edən ölkə başçısı real faktlarla danışaraq işğal dövründə və işğaldan sonrakı dövrdə İranın mövqeyini şərh edərək demişdir: “işğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan bizim daha çox gözləntilərimiz var idi və onlar Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyiblər, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bunu tam şəkildə açıq deməliyik. Bununla belə, təbii ki, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. Beləliklə, mən, sadəcə, Azərbaycanda xalqın düşündüyünü qeyd edirəm. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı. Xüsusən də qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi. Bununla belə, münasibətlərimiz çox güclü idi. Biz Xəzər dənizi razılaşması üzərində digər Xəzəryanı dövlətlərlə razılığa gəldik. Bu isə asan deyildi. Ölkələr arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu. Bir çox razılaşma olmayan məqamlar var idi. Mən təfərrüatlara varmaq istəmirəm. Yekun nəticədə biz Aktauda, Qazaxıstanda sazişi imzaladıq. Bu isə, həmçinin mühüm işarə oldu. Biz Xəzərdə sərhədlərin və resursların bölünməsi üzərində artıq razılığa gəldik. Lakin, əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən sonra bu gərginliyə gətirib çıxaran bir sıra addımlar atıldı və əlbəttə ki, əgər siz həmin addımların xronologiyasına nəzər yetirsəniz, görəcəksiniz ki, bunları Azərbaycan başlamamışdır.”
Ölkə başçısı qeyd edib ki səfirliyimizə terror hücumundan sonra İranla münasibətlər ən aşağı səviyyədədir və nə qədər davam edəcəyi də məlum deyildir. Amma ilk növbədə İran rəsmiləri nəhayət anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq heç bir nəticə verməyəcəkdir.
Azərbaycanın enerji ixracı məsələlərinə dai sualları cavablandıran cənab Prezident bu prosesin daha da inkişaf edəcəyini bildirmiş və ölkəmizin enerji potensialının kifayət qədər olduğunu diqqətə çatdırmışdır: “Neft və qaz sahəsində işləyirik, indi isə elektrik enerjisini ötürək və onun kabelini çəkək. Niyə də yox? Avropa İttifaqı bunu qəti şəkildə dəstəkləyir və həmin dəstək nikbinliyimizi artırır. Çünki Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen ötən ilin dekabrında Buxarestdə imzalanma mərasiminin şahidi oldu. Bir sözlə, onun iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə iştirak edəcəyindən xəbər verir. Bu, ola bilsin, gələn onilliklərin layihəsidir, çünki istər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq.”
Son olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həqiqətləri olduğu kimi çatdırmaqla nə qədər praqmatik və gələcəyə inamlı baxışı olan siyasətçi olduğunu daim sübut etmişdir. Bu Azərbaycan reallığının ən vacib məqamıdır. Çünki bu günkü Azərbaycan reallıqlarının qazanılmasında praqmatik siyasət əsas yer tutur. Dünya görür və anlayır ki, Ermənistandan, İrandan fərqli olaraq Azərbaycan dünyaya öz töhfələri ilə inteqrasiya edir. Regionda sülh və barış, iqtisadiyyatda inkişaf, siyasətdə dürüstlük və etibarlılıq, xalqla iqtidarın birliyi, vahid məqsədə xidmət Azərbaycanın qəbul edilmiş reallıqlarıdır və dostlarımız da düşmənlərimiz də bunu bilməlidirlər.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş Şuşa konfransının Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında rolu da kifayət qədərdir və diqqətəlayiqdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024