Mobil versiya
Dünya Türkiyənin modern müdafiə sənayesinə heyranlıqla baxır
Tarix: 01-05-2023 | Saat: 12:21
Bölmə:Gündəm | çapa göndər

Dünya Türkiyənin modern müdafiə sənayesinə heyranlıqla baxır

Dünya siyasi düzənin yeni qaydaları xalqların və dövlətlərin öz gələcəklərinin normal təminatı, təhlükəsizliyi üçün mükəmməl diplomatik, iqtisadi qorunma texnologiyaları qurmağa, hərbi-siyasi ittifaqlar yaratmağa məcbur edir. Bütün bu mürəkkəb dönəmdə ən böyük supergüclərdən tutmuş dünyanın ən xırda siyasi ünsürünə qədər hər kəsin qibtə və heyranlıqla izlədiyi bir qüvvə var: Azərbaycan-Türkiyə ittifaqı.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə dünyaya bəyan etdiyi bu birlik bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın timsalında özünün zirvə dövrünü yaşayır. Bir millətin iki lideri bu dəfə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalının açılış mərasimində dünyanın diqqət mərkəzində idi.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, qardaş Türkiyənin elmi, inanılmaz hərbi gücünün nümayişi olan bu festival həm də türk milli texnologiyasının təbliği və inkişafı baxımından son dərəcə uğurlu platformaya çevrilib.

Dövlətimizin başçısı nitqində ilkin olaraq qeyd etdi ki, bir il əvvəl “TEKNOFEST” festivalının Bakıda, bu il isə İstanbulda keçirilməsi o anlamı verir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir.

İki il əvvəl imzalanmış Şuşa Bəyannaməsi haqqında danışan Prezident İlham Əliyev imzalanan bu sənədin Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etməklə yanaşı, bu tarixi sənədin qala şəhərimizdə bağlanmasının əhəmiyyətinə də toxundu. Bəyannamənin Şuşada imzalanmasının xüsusi önəmi var. Çünki Şuşa Azərbaycanın, eləcə də Türk dünyasının əziz şəhəridir. Prezident qardaş ölkənin beynəlxalq nüfuzundan danışaraq qeyd etdi ki, Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və eyni zamanda, siyasi mərkəzinə çevrilib.

Yeni elmi, texnoloji nailiyyətlərin fonunda türk ordusu bu gün dünya miqyasında ön sıralardadır. Bunun məntiqi sonluğu kimi müasir Türkiyənin modern müdafiə sənayesinə dünya heyranlıqla baxır. Dövlətimizin başçısının yüksəliş, tərəqqi dövrünü yaşayan türk müdafiə sənayesinin həm Türkiyəni və eyni ilə Azərbaycanı gücləndirir ifadəsi hər birimizdə qürur yaratdı. Biz bu qardaşlıq dəstəyinin Azərbaycanın 44 günlük Vətən müharibəsində şahidi olmuşduq.

Diplomatik, siyasi, mənəvi dəstəyi ilə yanımızda olan Türkiyə qardaşlıq nümunəsi və onun yaratdığı xoşbəxtliyi bizə yaşatdı. Prezident Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil, biz varıq” bəyanatı ölkəmizin xarici düşmənlərinə sərt xəbərdarlıq mesajı idi.

Türkiyənin müdafiə sənayesinin rəmzinə çevrilmiş “Kızılelma”nın Azərbaycanın səmasında da olacağını bildirən Prezident İlham Əliyev uğurlu bir müqayisə də apardı. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur” söyləyən ölkəmizin başçısı qardaş ölkənin müasir texnologiyasının qüdrətini ifadə etməklə türk soyuna düşmən kəsilmişlərə yerini göstərmiş oldu.

Deputat sonda bildirib ki, həm də dünyaya bir barış mesajı idi, çünki Azərbaycan Türkiyə ittifaqı regionda sabitliyin və inkişafın birmənalı təminatçısıdır.

Bu mənada festivalda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıxdıqları əllər iki ölkənin, həm də bütövlükdə Türk dünyasının çağdaş dünya düzənində birlik və qurtuluş simvolu kimi qəbul olunmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə