Mobil versiya
Rəngarəng folklor nümunəsi.
Tarix: 19-03-2023 | Saat: 19:04
Bölmə:Gündəm | çapa göndər

Rəngarəng folklor nümunəsi.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir;

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir.

Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gül-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.
Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var:

1)Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
2)Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
3)Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
4)Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
5)Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
6)Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməlidir.
Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər.

Bahar bayramı adət-ənənələri, inancları ilə çox zəngindir. “Şal sallamaq” və bunun digər forması olan qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar olan və geniş yayılan adətdir. Bu adət qədim əkinçi tayfalarının biri digərindən əkin üçün toxumluq dən nümunələri toplamaq adətini xatırladır. Hava qaraldıqdan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salardılar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay üçün şirni, quru meyvə, bəzək şeyləri və s. qoyulurdu. Pay toplayan nə özünü göstərir, nə də danışırdı. Əgər o, danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı.

“Şal sallamaq adəti subay gənclər tərəfindən icra olunan “qurşaqatdı”, “papaqatdı” və s. mərasim ayinlərinin məzmunca eynidir. Axır çərşənbə axşamı onlar bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinə gedib, şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə, bəzi yerlərdə qoluna bağlayırdılar. Razı olmasalar dəsmala şirni qoyub geri qaytarardılar.

Axır çərşənbə və Novruz axşamı kəndin ağsaqqalları evində hüznü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasında göyərdilmiş səməni, bəhməz, meyvə, noğul və s. qoyulardı. Səməni xonçasını aparanlar boynuna keçirdiyi torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Bu adətin məqsədi sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaq idi.

Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Novruz türkün təbiətə bağlılığından gələn və ona duyulan sevgidən təşəkkül tapan ulu bir bayramdır. Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş yaz bayramının hər gəlişi olduqca böyük coşqu ilə qarşılanıb. Çünki təbiətdəki dəyişiklik tarix boyu eləcə etnosun həyatında da bir dönüş və təzələnmə nöqtəsi olaraq düşünülüb.

Qeyd etdiyimiz kimi Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur hansılar ki, aşağıda sıralanıb:

İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.

İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.

Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.

Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Axır çərşənbə gecəsi nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz. Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir.
Novruz bayramı axşamı qonşular yaslı adamların həyərində tonqal yandırıb, onları “qara bayram” dan çıxarırlar. Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər,bar verməz.
Novruz bayramı süfrəsinə su dolu qab qoyub, içinə xırda balıq buraxırlar. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinərmiş. Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: “Qoy odlu-ocaqlı olsunlar”.
Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə doğru atarlar. Əgər, ayaqqabının burnu qapıya tərəf düşsə,demək yaxın vaxtda ərə gedəcəklər.
Axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə də qara pulu bir kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günün, duz acgözlük və şorgözlüyün, qara pul isə yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub atmaqda məqsəd qara gündən, acgözlükdən, yoxsulluqdan qurtulmaqla bağlıdır.

Nuranə Orucova Əlizamin qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024