Mobil versiya
Hafiz Kərimov: “Təşkilatımızın 30 illik yubileyini “Heydər Əliyev İli”ndə qeyd etməkdən sonsuz qürur duyuruq”
Tarix: 17-03-2023 | Saat: 15:00
Bölmə:Özəl | çapa göndər

Hafiz Kərimov: “Təşkilatımızın 30 illik yubileyini “Heydər Əliyev İli”ndə qeyd etməkdən sonsuz qürur duyuruq”

“1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” Azərbaycan xalqı bu müdrik kəlamların danılmaz həqiqət olduğuna öz tarixində şahid olmuşdur. Belə ki, Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq Azərbaycanın dövlətçiliyini itirmək üzrə olduğu heç kimdə şübhə doğurmurdu. Bu vəziyyətin yaranmasında əsas rol oynayan amillərdən danışarkən əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkə ərazisinin 20 faizinin işğalını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsini və bu səbəbdən ölkəmizin üzləşdiyi humanitar fəlakəti xüsusi qeyd etmək lazımdır. Eyni zamanda da məhz bu amillərin həmin illərdə ölkəyə rəhbərlik edən siyasi hakimiyyətin yarıtmazlığı, yürüdülən daxili və xarici siyasətin yararsızlığı və Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsi nəticəsində formalaşdıqları danılmaz tarixi faktdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, belə çətin tarixi dövrlərdə, həmin dövrü yaşayan xalqların və dövlətlərin üzləşdikləri sınaqdan uğurla çıxa bilmələri üçün müstəsna liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətin mövcudluğu zəruri şərtdir. Ölkəmizdə ictimai-siyasi gərginliyin böhran həddinə çatdığı 1993-cü ildə də Azərbaycanın taleyində xilaskarlıq missiyasını öz üzərinə götürə bilən yeganə dahi lider şəxsiyyət məhz Heydər Əliyev idi.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov deyib.


Müsahibimiz xüsusi olaraq qeyd edib ki, müstəqillik uğrunda savaşları qazanmaq üçün xalqı, milləti qələbəyə aparan düşünülmüş strategiya tələb olunur: “Bir xalqın öz müstəqilliyini əldə edə bilməsi üçün onun ilk növbədə milli ideyaya əsaslan strategiyasının olması zəruri şərtdir. Öz növbəsində milli ideya milli dövlətçilik təfəkkürünə sahib olmayan bir xalqda heç cür formalaşa bilməz. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu daim diqqət mərkəzinə çəkirdi. Müstəqilliyimizin ilk illərində bu müstəqilliyin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Həmin vaxt ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün effektiv, praqmatik xarici siyasət kursu müəyyən edilməli idi. Lakin 1991-1992-ci illərdə ölkəyə rəhbərlik edən qüvvələrin yürütdükləri yarıtmaz xarici siyasət nəticəsində Azərbaycanın ətrafında son dərəcə arzuolunmaz, gərgin beynəlxalq siyasi mühit formalaşmışdı. Ölkə faktiki olaraq təcrid vəziyyətinə düşmüşdü. Heydər Əliyev bu siyasət xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulamışdı. Ümummilli Lider dünyanın Azərbaycanı tanımamasının, problemlərimizdən xəbərsiz olmasının, haqq səsimizin beynəlxalq aləmdə eşidilməməsinin səbəbinin də məhz bu siyasi xəttin olduğunu qeyd etmişdi. Ulu Öndər Heydər Əliyev 9 mart 1994-cü il tarixində Pekin İctimai Elmlər Akademiyasında çıxış edərkən bu məsələnin əhəmiyyətini qeyd edərək demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Məhz bu məqsədlə Ümummilli Lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər xarici siyasəti Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri hesab edir və bu siyasətin sağlam, düşünülmüş və uzaqgörən olmalı olduğunu vurğulayırdı. Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi.”

Daha sonra H.Kərimov 1993-2003-cü illər ərzində Ulu öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlərin hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulamış, Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərlə ümummilli liderimizin öz siyasi varisinin qarşısında qoyduğu ən böyük vəsiyyətinə əməl olunduğunu qeyd etmişdir: “Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ölkəmizin Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır. Heydər Əliyev siyasi strategiyasının son 20 il ərzində cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Ümummilli lider 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində etdiyi çıxışında demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” Ulu öndərin bu tarixi vəsiyyətinə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ildə əməl etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək.”

Sonda müsahibimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyinin məhz “Heydər Əliyev İli”ndə qeyd olunmasının bütün həmkarlar təşkilatları üçün böyük fəxarət və qürur mənbəyi olduğunu vurğulayaraq bunları deyib: “Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis olunmasından 30 il keçir. 1993-cü ildə keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası buraxılaraq, səlahiyyətləri yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verildi. Təsis qurultayında AHİK-in sədri vəzifəsinə yekdilliklə cənab Səttar Möhbalıyev seçildi. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə eyni ilə təsadüf etməsi təşkilatın bütün üzvləri üçün əlavə bir qürur mənbəyi, eyni zamanda da hər kəsin öz sahəsində daha böyük əzmlə çalışması üçün güclü stimuldur. Cari ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, Konfederasiyanın yaranması elə bir dövrdə baş vermişdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. Ümummilli liderin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacağının daha bir sübutudur” – deyə, Hafiz Kərimov müsahibəsini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024