Mobil versiya
Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır.
Tarix: 17-03-2023 | Saat: 17:36
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur. 
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə ikinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq, istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;
İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;
İqtisadi inteqrasiya, sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.
Azərbaycanda iri həcmli infrastruktur və digər yönümlü layihələr əsasən Dünya Bankı Qrupu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı tərəfindən verilən kreditlər əsasında həyata keçirilir.
Məhz ölkəmizin iqtisadi cəhətdən inkişafı öz resurslarına güvənmək imkanını yaradıb.
Hökumətin əsas hədəfi ilk növbədə ölkənin iqtisadi müstəqilliyinin formalaşdırılması olub və həyata keçirilən müstəqil siyasət, aparılan islahatlar, reallaşdırılan qlobal layihələr Azərbaycanın iqtisadi müstəqilliyini təmin edib. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olub. İndi isə hədəf iqtisadiyyatın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin ölkə hələ də əsasən neft və qazı ixrac edir.
Ümumiyyətlə, həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyevin qlobal təşəbbüsləri, enerji layihələri, əlbəttə ki, ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, siyasi çəkisini artırmışdır.
Hazırda dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əsas rol oynaması bunu təsdiq edir.
Bu gün Azərbaycan, həqiqətən də, Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bu prosesi dəyərləndirən Prezident İlham Əliyev mərasimdə diqqətə çatdırıb ki, artıq Avropanın bəzi ölkələri Azərbaycandan elektrik enerjisi və təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə Əlaqədar hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır.
Xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-1 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi nəzərdə tutur. Yəni, bu əsasən, Avropadan tələbatın artması ilə əlaqədardır. Bu ehtiyac Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaranmışdır. Məhz bu savaş başlayandan sonra qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı Azərbaycana 10- dan çox Avropa ölkəsindən müraciət olunmuşdur. Hər zaman etibarlı tərəfdaş olan Azərbaycan da tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. 
Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir.
Avropa ölkələrinin qaza olan tələbinin artması və məlum hərbi-siyasi proseslər Azərbaycanın və Xəzər hövzəsinin enerji qaynaqlarını daha da aktuallaşdırır. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir. 

Fatimə Talıbzadə Astan
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024