Mobil versiya
Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də Novruz bayramıdır.
Tarix: 17-03-2023 | Saat: 13:21
Bölmə:Özəl | çapa göndər

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də Novruz bayramıdır.

Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Ulu Öndər Heydər Əliyev 24 mart 1998-ci ildəki, çıxışında demişdir ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq. Bu gün Ümummilli lider Heydər Əliyevin də ruhu şaddır çünki onun vəsiyyət etdiyi missiyanı prezident İlham Əliyev layiqincə yerinə yetirir.Biz bu Zəfəri bütün gücü və siyasi iradəsiylə hər zaman xalqının yanında olan ali baş komandan İlham Əliyevə, Son damla qanına kimi torpaqlarımızın azadlığı uğurunda vuruşan şəhidlərimizə,sağlamlığları bahasına qəhrəmancasına vuruşub düşmənə göz dağı verən qazilərimizə borcluyuq.Şuşa şəhərinin işğaldan azad olunduğu gün prezident İlham Əliyevin Şəhidlər Xiyabanında etdiyi təhsirli çıxışı zəfər gününün şüarına çevrilmişdir.Əziz Şuşa sən azadsan!Əziz şuşa biz qayıtmışıq!Əziz Şuşa biz səni dirçəldəcəyik!Bu əsr Azərbaycan xalqının tarixində zəfər əsri kimi qalacaqdır.Zəfər dövründə yaşamış hər bir azərbaycanlı tarixin şanslı şəxsləridir.
Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt Qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Xalqımızın Novruza hazırlıq dövrü mart ayının əvvəlindən başlayır.  İnsanlar bir ay öncədən həyətlərini təmizləyir, ağacları rəngləyirlər. Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə davam edəcəksən.
Novruza qədər insanlar  4 çərşənbə keçirir. Çərşənbələrin daxil olduğu ay "boz ay" sayılır. Bunlar su, od, torpaq və yel çərşənbələridir. Çərşənbə sözü fars sözü olub şənbədən sonra dördüncü gün deməkdir. Çərşənbələrin sıralanması mütləq deyil. Bəzi yerlərdə su, od, yel, torpaq. Məsələn, Qərb bölgəsində su, od, torpaq, yel və s. formada sıralanır. Bu cür bölgü təbii dəyişikliyə əsaslansa da, digər tərəfdən də mifoloji əsası var.Türk düşüncə sistemində, mifologiyasında, hər günün öz sahibi, öz qoruyucusu var idi. Çərşənbə haqqında da xüsusi bir inanc var. Amma bunun inanc sisteminə aid olmamışdan qabaq da bir kökü var. Xüsusən ilaxır çərşənbə lap ağır gün sayılıb.Digər çərşənbələrlə müqayisədə ilaxır çərşənbədə şər qüvvələr aktiv olur. Bu çərşənbə şər qüvvələrin fəallaşdığı bir dövr sayılır. Bu bayramda qış şər qüvvələr şəklində obrazlaşdırılır. Çünki insanlar bu dövrdə qışın getməsini, baharın gəlişini arzulayırlar. Bu da xeyir və şər qüvvələrin mübarizəsidir. Bu mübarizə də xeyirin şərə qalib gəlməsi - həyatın yenilənməsi anlamında öz yerini tapır. Kosanın ölüb dirilməsi də bunu canlandırır.Novruz bayramı həm də özünəməxsus adətləri ilə fərqlənir. Bunlara torba atmağı, qulaq falına çıxmağı, tonqaldan tullanmağı, üzük falına baxmağı, səməni yetişdirməyi, yumurta döyüşdürməyi, qonaq getməyi, yaşlıları ziyarət etməyi, şam yandırmağı misal çəkmək olar. Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaradıb. Novruz Azərbaycanla yanaşı Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Novruz bayramını insanları birləşdirən xoş, ümumi bir dəyər də hesab etmək olar. Bizim isə borcumuz bu dəyəri daim təbliğ edib, gələcək nəsillərə ötürməkdir.

Anar Məmmədov ,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024