Mobil versiya
Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir
Tarix: 15-03-2023 | Saat: 22:50
Bölmə:Özəl | çapa göndər

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

Bakı Forumu dünyada baş verən köklü dəyişikliklərlə bağlı irəli sürülən yanaşmaların müzakirəsi baxımından mühüm məkandır. Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib.Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan, həm də çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində yaranmasına səbəb olmaqla yanaşı, eyni zamanda, ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaratmışdır.Dövrün tələblərinə uyğun olaraq multikultural münasibətləri tənzimləmək, müxtəlif dini inancların,mədəni dəyərlərin daşıyıcısı olan xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biridir.Bu öhdəliklərin yerinə yetirilmə və həyata keçirilməsi məqsədilə hal-hazırda münasibətlər inkişaf etdirilir və addımlar atılır.Azərbaycan hər zaman hər dövrdə obyektiv qiymətləndirməyə üstünlük vermişdir.
Cənab Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda bu sahəyə də toxunaraq qeyd etdi ki, “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir” Bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim təhlükəsizliyi, qida təhlükəsizliyi və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı effektiv mübarizə yollarını müəyyənləşdirəcəklər.
Ölkə rəhbəri münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söylədi:” Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik”.
Müasir dövrdə informasiya müharibəsi şəraitində bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçiriləcək və müzakirə olunacaq mövzularının zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024