Mobil versiya
Ulu Öndər Heydər Əliyev: “Müstəqillik yolu qədər çətin yol yoxdur.”
Tarix: 14-03-2023 | Saat: 08:07
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyev: “Müstəqillik yolu qədər çətin yol yoxdur.”

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir.

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün qəlbi ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ulu Öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Vətənimizin ən çətin zamanlarında Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu bir sıra mühüm daxili və xarici amillər müəyyən edir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, siyasi, iqtisadi, mədəni və intellektual potensialdan istifadə edərək 20-ci əsrin sonlarında müstəqillik arzusunu reallaşdırdı. Müstəqillik dövrünün qısa tarixi Ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir: “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət quruculuğu kimi çətin, mürəkkəb və şərəfli missiyaya geniş və qlobal dünyagörüşünə malik, xalqın dəstəyini qazanan, onun ümummilli liderinə çevrilən iradəli bir şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonlarında Azərbaycanda bu işin öhdəsindən gələ bilən yeganə lider Heydər Əliyev idi.


Uzun illər dövlətçilikdən, milli-mənəvi köklərdən məhrum olmuş, milli-dövlət maraqları tapdalanan Azərbaycan xalqının öz mənşəyinə qaytarılmasında Heydər Əliyevin əməli fəaliyyəti və ideoloji-siyasi baxışlarının böyük rolu olmuşdur.
Ulu öndərin Azərbaycanın tərəqqisinə, müstəqilliyinə və müasirləşməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Jalə Abdullayeva,
Qazax-Tovuz Regional Təhsil İdarəsi
Gədəbəy rayon Təhsil sektoru, Şəkərbəy kənd tam orta məktəbi direktor fəal gənc



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024