Mobil versiya
X QLOBAL BAKI FORUMU BEYNƏLXALQ GÜCÜMÜZÜN TƏCƏSSÜMÜ OLDU
Tarix: 13-03-2023 | Saat: 18:39
Bölmə:Seçki 2024 | çapa göndər

X QLOBAL BAKI FORUMU BEYNƏLXALQ GÜCÜMÜZÜN TƏCƏSSÜMÜ OLDU

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündən bir həftə sonra - martın 9-da ölkəmizin paytaxtı növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunda dünya birliyinə, xüsusən beynəlxalq münasibətlərin aparıcı aktorlarına ciddi mesajlar verildi, vacib çağırışlar edildi. 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurum rəhbərliyinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin, 23 ölkənin xarici işlər naziri müavinlərinin iştirak etdiyi, ümumilikdə isə 61 ölkədən 360-dək yüksək səviyyəli nümayəndənin təmsil olunduğu X Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” kimi həssas bir mövzuya həsr edilmişdi. Heç şübhəsiz ki, tanınmış siyasi nüfuz sahibləri tərəfindən bu cür mötəbər platformada səsləndirilən fikir və təkliflər dünyanın siyasi qərar və güc mərkəzlərinin diqqətindən yayınmır, gələcək “yol xəritəsi”nin hazırlanmasında əhəmiyyətli rol oynayır. O da şübhəsizdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı son təxribatları fonunda Bakıdan verilən birmənalı bəyanatlar qonşu ölkələrin və Ermənistanın havadarlarının da diqqətindən qaçmır. Çünki bu bəyanatların hər biri dünya nizamını təhdid edən işğal siyasətinə və ərazi bütövlüyünün pozulmasına qarşı ortaq və qətiyyətli beynəlxalq mövqenin formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin giriş çıxışında verdiyi bəyanat həm də bu mənada xüsusi əhəmiyyətə malikdir: “Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik”.
Dövlətimizin başçısı həmin bəyanatla Forum iştirakçıları ilə yanaşı, beynəlxalq birliyə o mesajı verdi ki, hansı coğrafiyada baş verməsindən asılı olmayaraq, ərazi bütövlüyünün pozulmasının və separatçılıq meyillərinin qəbuledilməz olduğu əvvəlcədən bilinməli, onlara qarşı ortaq beynəlxalq münasibət sərgilənməlidir. Azərbaycan Prezidenti nüfuzlu auditoriyanın diqqətinə bir daha onu da çatdırdı ki, Ermənistanın ölkəmizə qarşı üç onillik ərzində davam edən işğalçılıq siyasətinə, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə cinayətinə, məhz işğal dövründə şəhər və kəndlərimizi yerlə-yeksan etməsinə baxmayaraq, Azərbaycan savaş meydanında əldə etdiyi tarixi Zəfərdən sonra Ermənistana sülh müqaviləsini imzalamağı təklif edib. Ölkəmizin sülh təklifi yenə də ərazi bütövlüyünün toxunulmazlığını və suverenliyə hörməti ehtiva edən beş təməl prinsipinə söykənir. Prezident İlham Əliyev açıq mətnlə bildirdi ki, Ermənistan hər dəfə bu təklifə hazır olduğunu bildirsə də, təəssüf ki, bu, yalnız görüntü xarakteri daşıyır. Çünki Ermənistan daha çox onun üçün vacib olan həyat əhəmiyyətli bu qərarı qəbul etməkdə sərbəst və müstəqil deyil. Elə bu səbəbdən dövlətimizin başçısı nüfuzlu qonaqların və dünya birliyinin diqqətinə bu acı reallığı da çatdırdı: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024