Mobil versiya
Azərbaycan dövlətlərarası əməkdaşlıgın möhkəmlənməsi üçün öz töhfəsini verir
Tarix: 13-03-2023 | Saat: 10:43
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan dövlətlərarası əməkdaşlıgın möhkəmlənməsi üçün öz töhfəsini verir

Bu günlər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın diqqət mərkəzinə çevrilib. Məlum olduğu kimi 2023-cü il 9 mart tarixində Bakı şəhərində X Qlobal Bakı Forumu öz işinə başlayıb. Nüfuzlu beynəlxalq platformaya malik olan Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan biri kimi dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilir.
Xüsusilə qeyd olunmalıdır ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğun təşkil olunmaqla tədbirdə 60 ölkədən 350 nəfər iştirak edirdi. Onların sırasında isə 50-dən artıq hazırkı və sabiq prezident, baş nazirin olması tədbirin kifayət qədər potensiala malik olmaqla, Forumda müzakirə ediləcək məsələlərin səviyyəsinin beynəlxalq əhəmiyyətli olduğunu göstərirdi.
Forumda iştirak edən dövlət başçısı cənab İlham Əliyev geniş məzmunlu çıxış etmişdir. Ölkə rəhbərinin çıxışında xalqımızın dahi şairi və filosofu Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirdiyi bildirilərək, qeyd olunmuşdur ki, Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, orada yaşayıb, orada vəfat edib və dəfn olunmuşdur.
Ölkə Prezidentinin çıxışında, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdıracağı qeyd olunmuşdur. Bildirilmişdir ki, bu beynəlxalq təşkilata sədrliyi dövründə: “Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı” ki, bu da təşkilatın beynəlxalq arenada səviyyəsini və nüfuzunu yüksəltmişdir.
Dövlət başçısı çıxışında onu da vurğulamışdır ki, dünyada soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Bu baxımdan Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir ki, bu prinsiplərə əməl olunması xüsusilə vacibdir deyə qeyd etmişdir.
Forumda dövlətlərarası münaqişələrə münasibət bildirən ölkə Prezidenti cənab İlham Əliyev hər bir münaqişənin həllinin iki cür olduğunu – dinc yolla və qeyri-dinc yolla vurğulayaraq: “Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir” deyə bildirərək qarşı tərəfin ölkəmizə qarşı aqressiyasının ildən-ilə artdığını bildirmişdir.
Belə ki, uzun illər Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığı, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verdiyini vurğulamışdır. Dövlət başçısı xüsusilə qeyd etmişdir ki, münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərmişdir.
Ölkə rəhbərinin çıxışında o da vurğulanmışdır ki, 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər ki, bu da xalqımıza qarşı ikili standartdan yanaşmanın əyani təzahürü idi.
Təəssüflə qeyd olunmuşdur ki, bu illər ərzində erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik.
Çıxışında dövlət başçısı onu da qeyd etmişdir ki, biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq deyə vurğulayaraq ordumuzun əzəli torpağını erməni işğalından azad etdiyini bildirmişdir.;
Hazırda sülh üçün vaxtın yetişdiyinə münasibət bildirən dövlət başçısı: “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik” deyə qeyd etmişdir.
Dövlət başçısının çıxışında Ermənistan tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevrildiyi qeyd edilərək vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar tərəfindən Ermənistanı müstəqilliyi qorumaq şansını əldən buraxmamaqda dilə gətirəcəklərinə ümid etdiyini bildirmişdir.
Forum iştirakçılarının nəzərinə o da çatdırılmışdır ki, hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Xalqımız hər hansı digər müharibəni istəmir. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur deyə bildirilmişdir.
Ölkə Prezidentinin çıxışında Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə olduğu bildirilməklə Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir deyə vurğulanmışdır.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin deyə ölkə rəhbəri vurğulamışdır.
Çıxışında, ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verdiyinə münasibət bildirən ölkə Prezidenti: “Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalandığını, Azərbaycanın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını, bunun sayəsində əgər biz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək” bu da ölkəmizin etibarlı tərəfdaş ölkə kimi üzərinə düşən öhdəliyi ləyaqətlə yerinə yetirdiyini göstərir.
Dövlət başçısının çıxışında: ” Qaz yataqlarımıza sərmayələrimizi artırmışıq. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik - TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır” deyə qeyd olunmuşdur.
Təqdirəlayiq haldır ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik deyə bildirmişdir.
Məlum olduğu kimi Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir.Bununla bağlı dövlət başçısı: “ Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcəyini, Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir” deyə bildirilmişdir.
Ölkə Prezidentinin çıxışında: “IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq ki, bununla da Azərbaycan yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar” deyə vurğulamışdır.
Dövlət başçısı çıxışında ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artdığına diqqət çəkərək ölkəmizin müasir daşımalar infrastrukturuna tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçdiyni bildirmişdir. Dövlət başçısının geniş məzmunlu çıxışı Forum iştirakçıları tərəfindən diqqətlə dinlənilərək ölkəmizlə əməkdaşlığa marağı daha da artırmışdır

Məmişov Orxan Səfqulu oğlu- YAP Laçın rayon təşkilatının 9 saylı Ərazi Partiya Təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024