Mobil versiya
Bəşəriyyətin böyük şairi olmaqla Nizami Gəncəvi insanları alicənablığa, ləyaqətə səsləyirdi.
Tarix: 11-03-2023 | Saat: 17:11
Bölmə:Seçki 2024 | çapa göndər

Bəşəriyyətin böyük şairi olmaqla Nizami Gəncəvi insanları alicənablığa, ləyaqətə səsləyirdi.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib və şeir sənətini görünməmiş yüksəkliklərə qaldırıb. Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi və geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır. Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır. Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.
Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tapmışdır; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaratmışdır; Şairin əsərləri Şərqdə daha çox oxunur… Türk-müsəlman dünyasında sanki hər xalq Nizami Gəncəvinin əsərlərində öz taleyini görür, çarəsini axtarıb-tapa bilir.
Bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir.
Nizami Gəncəvinin əsərlərində Azərbaycan mövzusunun özünəməxsus yeri vardır. Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar nəzərə çarpır.
Dahi sənətkarın adı onun vətəni Azərbaycanda əbədiləşdirilmişdir. Ölkəmizdə Nizami Gəncəvinin adına məktəblər, muzeylər, küçələr vardır. Müstəqil Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə Moskvada, Pekində, Romada Nizami Gəncəvinin heykəlləri ucaldılmışdır. Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 800, 840 və 850 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunmuşdur.
Nizami Gəncəvinin ölməz əsərləri həmişə gəncdir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.
Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır.
Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi bütün zamanların və böyük gələcəyin qüdrətli şairi və mütəfəkkiri kimi əbədiyyət qazanmışdır.

Özləm Əliyeva
Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024