Mobil versiya
Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının əsasında azərbaycançılıq ideyası durur
Tarix: 09-03-2023 | Saat: 17:49
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının əsasında azərbaycançılıq ideyası durur

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə ölkədə ikinci dəfə hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması və dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirməyə başladı. Məlum olduğu kimi, 1991-1992-ci illərdə Azərbaycanda tüğyan edən özbaşınalıq və anarxiya, ölkəni idarə edən qüvvələrin siyasi və iqtisadi sahələrdə səriştəsizliyi və bacarıqsızlığı, öz ambisiya və mənafelərini milli maraqlardan üstün tutmalrı 1993-cü ildə respublikada ictimai-siyasi gərginliyi böhran həddinə çatdırmışdı. Artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”

Belə mürəkkəb və təhlükəli vəziyyətdə xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan ümummilli lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi. Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə geosiyasət və neft amillərini müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin real siyasi amilə çevrilməsidir. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur.

Ulu öndər 1994-cü ildə, mart ayının 9-da Pekin İctimai Elmlər Akademiyasında etdiyi çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Heydər Əliyevin müstəqillik konsepsiyasının müasirliyi və daimiliyi ondadır ki, bu konsepsiya mücərrəd seyrçilikdən uzaqdır. Müasir qlobal reallıqları düzgün qiymətləndirən Ulu öndər Azərbaycan xalqının müasir sivilizasiyada özünütəsdiqi məsələsinin həllində milli ideologiyanın rolunu xüsusi qeyd edir. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid cəmiyyət üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Bu gün Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.

Bu il qədirbilən Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Qeyd olunmalıdır ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir.

Emin Feyzizadə,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024