Mobil versiya
Yiyəsiz adam
Tarix: 27-02-2023 | Saat: 15:05
Bölmə:Seçki 2024 | çapa göndər

Yiyəsiz adam

Yiyəsiz adam

Hərdən sən önə çıxdın,
Mən geri düşdüm.
Hərdən əksinə,
Mən dala qaldım səndən,
Bu həyat yollarında.
Yorulmaq bilmədən,
Addım-addım elə hey,
Biz bu ucsuz-bucaqsız
Yolları gedirdik.
Heç özümüz də bilmirdik ki,
Yolumuz haradı,
Hansı səmtədi,
Hansı yanadı...
Gün doğanamı?
Şər qarışanamı?
Əl-ələ tutub bir-birimizə qısılırdıq,
Soyuqdan donmayaq deyə.
Nə sənin getməyə bir yerin vardı,
Nə də ki, mənim.
Səfillər kimi ömrümüzü küçələrdə keçirdirdik...
Və sonda da
Adımızı “yiyəsiz adam” deyə çağırdılar...

Müəllif: Fuad Biləsuvarlı

***

Məni üşüdən qış deyil...
Şaxta deyil, yağış deyil...
Məni üşüdən - insanların laqeydliyi,
soyuqluğudur...

Məni yandıran qızmar yay deyil,
Od deyil, alov deyil...
Məni yandıran -insanların gözüm görə-görə
məni yıxmaq istəkləridir...

Məni sındıran da heç bir qüvvə ola bilməzdi...
Həyatın sönüklüyü,
Dost dediklərimin dönüklüyü oldu.

Məni öldürən isə nə top-tüfəng,
nə xəstəlik, nə aclıq,
nə Fələk,
nə Əzrayil olmayacaq, bilirəm...
Sevgilimin vəfasızlığı,
Dönüklüyü olacaq, əgər olsa....
Bunu mənə göstərmə Allahım,
Göstərmə!

Müəllif: Fuad Biləsuvarlı

Mənə neyləmişdin ki?
Mənə nə vermişdin ki?
Belə özündən razı halda qürrələnirsən də.
Bu həyatda nə etmişəmsə - öz gücümlə etmişəm.
Allah yollarımı bəzən bağlayıb, bəzən də açıb.
Çox şükür ki, çətin anlarımda sənin kimilərdən kömək ummamışam.
Özüm min çətinlik bahasına ucalmışam.
Ucalıqda olsam da belə
Yerdəkiləri də görürəm.
Köməklik də edirəm,
Çünki bir zamanlar mən də yerdə olmuşam.
Allah böyükdür!
Hər şeyi və hər kəsi görür!
Yolumuzu azsaq
Qaşıq-qaşıq qazandığımızı
Çömçə-çömçə burnumuzdan gətirər!

Müəllif: Fuad Biləsuvarlı

***

Məbadə
bu sevgini qəlb evindən çölə çıxarasan!
Qoy elə qalsın ürəyində -
Sənin gizli,
pünhan məhəbbətin!
Bir Allah bilir,
bir ürək,
bir də özün bilirsən bunu...
Şeirlərini də ona yazırsan,
Yuxularını da ona adayırsan...
O sənin müdhiş eşqin,
İlham pərin,
Xəyallarda yaşatdığındır!
Göydə mələklərin də baş açmadığı
Bu sevdaya başqa ad qoyma!
Qıyma Gizli sevgiyə!
Qıyma!

Müəllif: Fuad Biləsuvarlı

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024