Mobil versiya
Xocalı faciəsi erməni vandalizminin bariz nümunəsidir
Tarix: 27-02-2023 | Saat: 09:37
Bölmə:Özəl | çapa göndər

Xocalı faciəsi erməni vandalizminin bariz nümunəsidir

Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı unudulması mümkün olmayan dəhşətli hadisələrdən biridir. 31 il öncə 1992- ci il fevralın 25- dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Ermənilərin xalqımıza qarşı 1905-1907, 1918-1920, 1937, 1948- 1953 və 1988- ci ildən 26 fevral 1992-ci ilə kimi törətdikləri soyqırımlar, vəhşiliklər, terror hadisələri cəzasız qaldığı üçün və havadarları tərəfindən müdafiə olunduqları üçün, Xocalı soyqırımına əl atmaqdan çəkinmədilər. Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Həmin gün azğınlaşmış erməni quldur dəstələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə hazırladıqları məkrli planı həyata keçirdilər. 613 nəfər öldürüldü.Onlardan hamısı dinc azərbaycanlı idi. Öldürülənlərdən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 487 nəfər ömürlük şikəst olmuşdur. 1275 nəfər dinc sakin – qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz zülmə, işgəncələrə və təhqirə məruz qalmışdır.8 ailə bütövlükdə məhv edilmişdir.24 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir.
Bütün bunlar bir daha sübut edir ki, ermənilik bəşəriyyətə qarşı çox böyük təhlükədir. Xocalıda mülki əhalinin planlı və məqsədli şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçivanik kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha sübut edir. Bütün bunlar ermənilərin 31 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.”
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 1700- da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. 1996-cı il fevralın 24-də xocalılarla görüşən ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamışdır.
Son 31 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.
Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə də Xocalı soyqırımına həmişə ideoloji siyasətimizin əsas tərəflərindən biri kimi baxılmışdır. Prezident İlham Əliyev şəxsən özü dəfələrlə ən yüksək beynəlxalq tribunalarda cəsarətlə xalqımızın üzləşdiyi faciəni real faktlarla dünya ictimaiyyətinə çatmışdır. Prezidentin göstərişi ilə Bakı şəhərindəki “Xocalı Xiyabanı” yenidən qurulmuş və xiyabanın baş hissəsindəki “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” ucaldılmış abidə yenidən işlənmiş, nəticədə həmin abidədə soyqırımın məzmunu daha aydın şəkildə öz əksini tapmışdır.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Leyla xanım Əliyeva demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
Tarix ədalətlidir. Bəşəriyyətə qarşı törədilən hər bir cinayət gec-tez öz qiymətini alır. Belə də oldu. Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.
44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024