Mobil versiya
Vətənə xidmətdə keçən şərəfli general ömrü
Tarix: 23-02-2023 | Saat: 16:09
Bölmə:Manşet / Özəl | çapa göndər

Vətənə xidmətdə keçən şərəfli general ömrü

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində hakimiyyət strukturlarında yaranmış siyasi böhran və bu səbəbdən ölkəni cənginə almış xaos polisdən orqanlarından da yan keçmədi. O vaxt hakimiyyətdəki qüvvələrin səriştəsiz idarəçiliyi ölkədə güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini iflic vəziyyətə saldı. Yalnız 1993-cü ildə müasir Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı və ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə qayda-qanun yaradılması, xaos və özbaşınalığa son qoyulması, dövlətimizin ictimai-siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. O cümlədən Ulu Öndərin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. Qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.Ümummilli liderin 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi günü elan edildi.
Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət Azərbaycan Respuablikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyinin bütün strukturlarında, o cümlədən Dövlət Yol Polisində aparılan əsaslı islahatlar davamlı xarakter almaqla öz effektiv nəticələrini verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində hazırda DYP strukturlarının maddi-texniki bazası mütəmadi olaraq yenilənir və buna müvafiq olaraq xidməti fəaliyyət durmadan təkmilləşdirilir. Dövlətimizin başçısı öz çıxışlarından birində demişdir: “Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir”.
Əlbəttə ki, dövlətin bu qayğısı müqabilində Azərbayсan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə ölkənin bütün polis orqanlarının əməkdaşları da respublikada asayişin qorunması, dinayətkarlığa qarşı mübarizənin effektiv şəkildə həyata keçirilməsi, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsi, əmin-amanlığın təmin edilməsi yönümündə əzm və fədakarlıqla çalışırlar.
Əlbəttə ki, bu gün respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması da dövləti vəzifə kimi yol polisi orqanları əməkdaşlarının qarşısında durur. Birmənalı olaraq deyə bilərik ki, Baş Dövlət Yol Polisi İdarəsi bu vəzifələrin öhdəsindən layiqincə gəlir. 1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polis general-mayoru Ramiz Zeynalovun rəhbərliyi ilə qurumun şəxsi heyəti tərəfindən belə bir çətin, ağır, eyni zamanda şərəfli xidmət sahəsində ötən illər ərzində bir sıra əhəmiyyətli uğurlar əldə edilmişdir. Bütün bu dövr ərzində Ramiz Zeynalovun fasiləsiz olaraq BDYPİ-nin rəhbərliyində olması, ilk növbədə onun yüksək peşəkarlığından və əlbəttə ki, şəxsi keyfiyyətlərindən xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə Ramiz Zeynalova polis general-mayoru rütbəsi verilmişdir. Bundan başqa cənab generalın təltifləri sırasında 1995-ci ildə layiq görüldüyü “İgidliyə görə” medalı və 2006-cı ildə təltif olunduğu “Vətən uğrunda” medalı xüsusi yer tutur. Ramiz Zeynalov BDYPİ-nin rəisi vəzifəsinə təyin olunana qədər şərəfli bir ömür yolu keçmiş, zəngin həyat və iş təcrübəsinə sahib olmuşdur. Generalın məhz bu keyfiyyətləri və əlbəttə ki, onun öz işini dövlətimizə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında düzgün qurması bu gün BDYPİ-nin fəaliyyətinin effektivliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir.
Eyni zamanda belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, istənilən bir qurumun uğurlu fəaliyyəti ilk növbədə həmin qurumun struktur bölmələrinin səmərəli fəaliyyətilə təmin edilir. Əminliklə deyə bilərik ki, bu gün general-mayor Ramiz Zeynalovun rəhbərlik etdiyi BDYPİ-nin və idarənin struktur bölmələrinin əməkdaşları da öz vəzifə borclarının öhdəsindən layiqincə gələ bilirlər. O cümlədən hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi, yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması yönümündə vəzifələrin effektiv icrası BDYPİ-nin struktur bölmələrinin fəaliyyətində prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Heç şübhə etmirik ki, general-mayor Ramiz Zeynalovun rəhbərliyi altında Baş Dövlət Yol Polisi İdarəsinin işinin effektivliyi bundan sonra da artmaqda davam edəcəkdir.

Azər Məmmədov
"Azərbaycan Gəncliyi" qəzeti





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024