Mobil versiya
Xocalı qətliamı, erməni faşizminin əsl mahiyyətini bütün dünyaya nümayiş etdirən soyqırımdır
Tarix: 20-02-2023 | Saat: 11:57
Bölmə:Özəl | çapa göndər

Xocalı qətliamı, erməni faşizminin əsl mahiyyətini bütün dünyaya nümayiş etdirən soyqırımdır

Ermənilər çar Rusiyasının imperiya siyasətinə uyğun olaraq iki yüz il bundan əvvəl Cənubi Qafqaza, Azərbaycanın tarixi ərazilərinə köçürüldüyü dövrdən bu günümüzə qədər hər zaman yerləşdikləri bu regionun bütün yerli xalqları üçün ən böyük təhlükə mənbəyi olublar. Bu etnosun şovinizmi təbliğ edən ideoloqları, heç zaman mövcud olmamış xəyali “böyük Ermənistan” ideyasının müəllifləri Qara dənizdən Xəzərin sahillərinə qədər uzanan böyük bir ərazidə öz dövlətlərini qurmaq üçün bütün erməni xalqını öz əllərində bir alətə çevirmiş və iki əsr ərzində öz məqsədlərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atmışlar. Terror, kütləvi qırğınlar, yerli əhalinin zor gücünə deportasiyası kimi üsullar erməni faşizmini xarakterizə edən ən çox yayılmış üsullar olub. Əlbəttə ki, bu vəhşiliklərdən regionda yaşayan bütün xalqların nümayəndələri əziyyət çəkiblər. Lakin bütün dövrlərdə ermənilərin ən çox hücumlarına məruz qalan məhz Azərbaycan xalqı olub. Hələ 1988-ci ildə erməni millətçiləri keçmiş Ermənistan SSR-nin ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlını bu yerlərdən qovmaqla Ermənistanı Cənubi Qafqazda yeganə monoetnik dövlətə çevirdilər. Bundan sonra sovet dönəmində heç bir əsas və zərurət olmadan, süni şəkildə yaradılmış qondarma “Dağlıq Qarabağ” ətrafında başlanan hadisələr nəticəsində Azərbaycanın kənd və şəhərləri dağıdılıb, on minlərə günahsız insan qətlə yetirilib, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Ermənistan Azərbaycanın tarixi ərazilərini özünə birləşdirmək naminə hər cür qanlı cinayətə və istənilən vəhşiliyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.
Mütləq şəkildə qeyd olunmalıdır ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün isə bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atılır. Məhz bu səylərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Xocalı qətliamının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməli olduğunu bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Yalnız bu halda bəşəriyyət oxşar hadisələrin gələcəkdə yenidən baş verməsi ehtimalını minimuma endirə bilər. Erməni faşistləri Xocalı faciəsinə görə Beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidirlər. Bu qətliam haqqında həqiqətləri olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq isə, hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan davam etdirməlidir.
Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət” kampaniyasının ölçüyəgəlməz əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu möhtəşəm kampaniya bu gün də dünyanın bir çox ölkələrdə effektiv şəkildə davam edir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının qarşıya qoyduğu əsas strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və bu qətliama hüquqi-siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi, vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır. Bu məqsədlərə nail olmaq üçün “Xocalıya ədalət” kampaniyasının gedişində müxtəlif ölkələrdə mütəmadi olaraq sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər keçirilir. Həmçinin sosial şəbəkələrdən kampaniyanın məqsədlərinə çatmaq üçün yüksək effektivliklə istifadə olunur. O cümlədən Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan internet resursu kimi təbliğat və maarifləndirmə işlərində mühüm əhəmiyyət kəsb edir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı ədalətli müharibənin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları azad etdi. Ölkənin ərazi bütövlüyü bərpa olundu. Prezident cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bundan sonra heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqazda erməni faşizmi yenidən baş qaldırsın.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024