Mobil versiya
YAP Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə bağlı konfrans keçirilib -Fotolar
Tarix: 15-02-2023 | Saat: 19:09
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə bağlı  konfrans keçirilib

15 fevral 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə bağlı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində konfrans keçirildi. Yığıncaqda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edirdi.

Konfrans iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər.

Konfransda Ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin və Türkiyə Respublikasında baş vermis zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfrans öz işinə YAP Mingəçevir şəhər təşkilatının 30 illik fəaliyyətindən bəhs edən video çarxın nümayişi ilə başladı.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çəkib.

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev məruzə ilə çıxış edərək yubley münasibətilə əvvəlcə partiya üzvlərini təbrik etdi. Qeyd etdi ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub.. YAP Mingəçevir şəhər təşkilatı ölkədə qabaqcıl yaranan təşkilatlardandır. Ötən 30 il ərzində müəyyənləşdirilən məqsədlərinə çatmaq üçün uğurlu fəaliyyət göstərir. Hazırda 54 ərazi partiya təşkilatının tərkibində 8065 nəfər üzvü var. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı öz fəaliyyətini partiyanın yeni Nizamnaməsi və Proqramının tələblərinə, Mərkəzi Aparatın tövsiyyələri nəzərə alınmaqla təsdiq etdiyi iş planı əsasında qurur və öz fəaliyyət metodlarını daim təkmilləşdirərək davam edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi bir gün olduğunu və həmin gündən yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyulduğunu bildirdi. 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Ulu öndərin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmiz üzləşdiyi bəlalardan xilas oldu, xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Heydər Əliyev ideologiyasının layiqli davamçısı , Prezidentimiz İlham Əliyevin sayəsində dövlətimiz bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən xalqımızın Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı isə sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılacaq İkinci Qarabağ müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi və əbədi etdi. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır.

Daha sonra konfransın proqramına əsasən Partiya veteranı (əvvəlki Şura üzvü) Mirzə Cavadov, “Tələbə” Poliklinikasının baş həkimi (əvvəlki Qadınlar Şurasının sədri və İdarə heyətinin üzvü) Nurcamal Əsgərova, 17 saylı tam orta məktəbin direktoru, Təhsil şöbəsi üzrə 7 saylı ərazi partiya təşkilatının sədr müavini Ceyhun Atayev çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.

Sonda YAP şəhər təşkilatının yaranmasının 30-cu ildönümü və YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə 4 nəfər partiya fəalına – Mirzəzadə Aydın Böyükkişi oğlu, İbrahimli Ramiz Canan oğlu, Zeynalov Fikrət Qüdrət oğlu, Cəfərova Esmira Hilal qızı, Quliyeva Ədalət Abid qızı Fəxri Fərmanla təltif olundular. Partiyaya yeni qəbul olunan 5 nəfər YAP üzvünə isə partiya vəsiqələri təqdim olundu.

Yekunda İ.İsmayılov şəhərimizin ictimai-siyasi həyatında şəhər təşkilatının üzvlərinin fəal iştirak etdiklərini vurğulayaraq, təşkilatın yaranmasının 30-cu ildönümü ilə bağlı partiya üzvlərini təbrik edərək, uğurlar arzuladı.

Bununla da Konfrans öz işini başa vurdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024