Mobil versiya
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir
Tarix: 06-02-2023 | Saat: 12:15
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.
İqtisadiyyatın və ölkə əhalisinin enerjinin bütün növləri ilə uzunmüddətli və sabit təmin olunması elmi cəhətdən əsaslandırılmış enerji siyasəti ilə sıx şəkildə bağlıdır. Bu siyasətin əsas məqsədi həm də təbii yanacaq-enerji ehtiyatlarından iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün səmərəli şəkildə istifadə olunmasına yönəlmişdir.
Xəzər hövzəsindən hasil edilən neft və təbii qazın Qara, Aralıq və Baltik dənizlərinin limanlarına, ətraf regionlara, habelə, Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixracının şaxələndirilməsi siyasətini həyata keçirən Azərbaycan hazırda çoxvariantlı ixrac marşrutlarının və kəmərlərinin yaradılmasına çalışır. Bu onun müstəqil enerji siyasətini və ixrac təhlükəsizliyini təmin etməklə yanaşı, həm də regionun neft-qaz ölkələrinin maraqlarına, Avropanın enerji təhlükəsizliyinə xidmət edir.
Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.
Avropa ölkələri və aparıcı şirkətlərlə enerji sahəsindəki mövcud tərəfdaşlıq münasibətləri Azərbaycanın özünün böyük qaz ehtiyatlarını dünya enerji bazarlarına çıxarmaq imkanı yaradır. Mütəxəssislərin fikrinə görə, “Mərhələ-2” çərçivəsində işlənilməsi planlaşdırılan “Şahdəniz”in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturların potensialından tam istifadə ediləcək.
Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyev enerji təhlükəsizliyindən, enerji qənaətindən danışıb.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti/ YAP üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024