Mobil versiya
Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə olunmalıdır
Tarix: 06-02-2023 | Saat: 10:06
Bölmə:Seçki 2024 | çapa göndər

Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə olunmalıdır

Azərbaycan -Macarıstan əlaqələri hər iki ölkə üçün önəmli xarakter daşıyır. Hər iki ölkə tarixi köklərə bağlı münasibətlərə malikdir. Dünya düzənində gedən qlobal dəyişikliklər dövründə belə münasibətlərin qurulması və inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Bu mənada cənab Prezident İlham Əliyevin çevik və düşünülmüş siyasəti dünyada ciddi maraq doğurur. Onun ard-arda səfərləri, mühüm sənədlərə imza atması, etibarlı tərəfdaş imici ölkəmizə ciddi siyasi dividentlər gətirməkdə davam edir. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu fonunda həyata keçirilən təşəbbüslər diqqətlə izlənilir və etiraf edilir.
Belə bir vaxtda strateji tərədaşlarımızın sayının çoxaldılmasına diqqət ayıran ölkə başçısı Şərqi Avropa ölkəsi olan Macarıstanla əlaqələrin inkişafına da xüsusi önəm verir.
Bu günlərdə Macarıstana səfəri ilə cənab İlham Əliyev dünyaya və Avropaya yeni mesajlar verdi.
Hələ Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması və təşkilata həqiqi üzv olmaq niyyətini bəyan etməsi sözügedən ölkənin həm də Azərbaycanla sıx əməkdaşlığından və bu əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən qaynaqlanan bir amil kimi də qiymətləndirilə bilər.
Qeyd etmək lazımdır ki, Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. CQD-nin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirir.
Cənab Prezident mətbuata Bəyanatında bu məsələyə ciddi önəm verdiyimizi və bundan sonra da əməkdaşlığın inkişafında maraqlı olduğumuzu qeyd edərək bildirmişdir:” Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.”
Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəni arealının ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verir. Belə bir ölkə ilə, özü də Avropada strateji mövqeyi olan ölkə ilə münasibətlərin getdikcə inkişaf etdirilməsi cənab Prezidentin həm də Türk dünyasına ən layiqli töhfələrindən biri hesab edilməlidir.
İşğaldan azad olunmuş ərazilərimizin bərpasında, minaların təmizlənməsində dəstəyini əsirgəməyən Macarıstanla yeni layihələrin həyata keçirilməsi, Azərbaycan qazının və enerji resurslarının Avropaya çatdırılmasında tranzit ölkə kimi əlaqələrin inkişaf etdirilməsi gələcək perspektivlərdən xəbər verir.
Bunu bəyanatında qeyd edən cənab İlham Əliyev “bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq”-deyə bildirmişdir.
Son olaraq qeyd edək ki, hər iki ölkə arasındakı əlaqələr bir sıra sahələri əhatə edir və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensial vardır. Macarıstanın potensialı və Azərbaycanın inkişaf edən geostrateji əhəmiyyəti qlobal anlamda da pozitiv dəyişikliklərə səbəb olacaq. Cənab Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə olunmalıdır. Azərbaycan-Macarıstan əlaqələri təkcə bu gün üçün deyil, gələcək üçün də vacib əhəmiyyətə malikdir. Dövlətimizin başçısının Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün əhəmiyyətlidir. Əlaqələrin dərinləşməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Bundan isə ölkə büdcələri yeni daxilolmalar fonunda zənginləşəcək.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024