Mobil versiya
AQRAR SAHƏNİN İNKİŞAFINA ULU ÖNDƏRİN BƏXŞ ETDİYİ TÖHFƏLƏR
Tarix: 31-01-2023 | Saat: 19:42
Bölmə:Cəmiyyət | çapa göndər

AQRAR SAHƏNİN İNKİŞAFINA ULU ÖNDƏRİN  BƏXŞ ETDİYİ TÖHFƏLƏR

İyirminci əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən Ulu Öndər Heydər Əliyevin xalq təsərrüfatının bütün sahələrində, eləcə də aqrar sahədə apardığı nəhəng islahatlar bugünkü uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev o vaxtkı mövcud rejimin sərt qanunları çərçivəsində ölkəmizin intibahı və tərəqqisi, iqtisadiyyat, kənd təsərrüfatın yüksəlişi üçün düşünülmüş siyasət yeritdi. Həmin illərdə Azərbaycan hökumətinin diqqət mərkəzində ən ümdə vəzifələrdən biri kənd təsərrüfatının inkişafına qayğının artırılması olmuşdur. Ulu Öndər bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir.
Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut edən Ümummilli Lider bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı. Xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Həmin dövrdə Ulu Öndər çox böyük məharət və bacarıqla keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltdi, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsinə nail oldu.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə də az bir zamanda iqtisadi tərəqqi nəzərə çarpdı. Sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan kəndinin simasının dəyişməsi dövlətin təməlinin möhkəmlənməsinə səbəb oldu.
Kənd təsərrüfatına məqsədli vəsait qoymadan yüksək nəticələr əldə etməyin mümkün olmadığını aydın zəkası ilə çox gözəl bilən Heydər Əliyevin qərarları ilə bu istiqamətdə ardıcıllıqla əsaslı tədbirlər həyata keçirilməyə başlandı. Nəticədə respublikanın iqtisadiyyatında illər boyu davam etmiş geriliyə son qoyuldu, aqrar sahənin inkişafında yeni dönüş mərhələsi başlandı, kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin edildi. Ən əsası isə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələr səfərbər edildi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi: «Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır. Təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur».
Bununla da Ulu Öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən aqrar sahədə islahatlar haqqında gedən uzun-uzadı mübahisələrə və müzakirələrə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Beləliklə, Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.
Heydər Əliyev respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələrinin böyük əhəmiyyəti olduğunu xüsusi qeyd etmişdir. O, respublikanın əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ön plana çəkir, respublikada heyvandarlıq sahəsində özəlləşdirmənin sürətləndirilməsini tələb edirdi//. Biz bu gün görürük ki, kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlığın özəlləşdirilməsi artıq öz bəhrəsini vermiş, başqa respublikalardan idxal olunan heyvandarlıq məhsullarına olan asılılıq aradan qaldırılmış və əhalinin ət və süd məhsullarına tələbatı respublikadaxili istehsalla tam təmin olunmuşdur. Respublikada həyata keçirilən çoxsahəli özəlləşdirmə tədbirləri aqrar elmin yeniləşdirilməsində də özünü göstərir.
Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngül və yeyinti sənaye müəssisələri istifadəyə verildi. Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində ölkəmizdə aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələrin istehsalı da təşkil olundu. Bütün bunların nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin, iqtisadiyyatın digər sahələrinin inkişafını da stimullaşdırdı, qaz, işıq, su, rabitə, yol və digər infrastrukturun genişlənməsi təmin edildi və kəndlərimizin sosial siması kökündən dəyişdi.
Bu gün Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə özünün layiqli töhfəsini verir. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi və ciddi tələbkarlığı ilə ölkəmizdə iqtisadiyyatın yenidən qurulması üçün həyata keçirilən tədbirlər nəticəsində mümkün olmuşdur. Artıq ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı durmadan artır və ərzaq mallarına olan tələbatın yerli istehsal hesabına təmin olunması səviyyəsi hər il xeyli yüksəlir. Bünövrəsi Ümummilli Lider tərəfındən qoyulmuş aqrar siyasət Prezident İlham Əliyev tərəfındən də uğurla davam etdirilir.
Müstəqilliyimizin memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət filosofların və politoloqların diqqət mərkəzində olacaq. Respublikamızın iqtisadi və siyasi həyatını hərtərəfli əks etdirən bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələlərdən biridir.

Göygöl Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru Elməddin Əhmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024