Mobil versiya
2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Tarix: 31-01-2023 | Saat: 10:40
Bölmə:Özəl | çapa göndər

2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər.
1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.
Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.
Gənclər üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-də Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsi olub. Azərbaycanın qəhrəman gəncləri rəşadətli Ordumuzun sıralarında vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 28 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.


Hüseynova Nərgiz
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
YAP Laçın rayon təşkilatının ƏPT sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024