Mobil versiya
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub
Tarix: 19-01-2023 | Saat: 16:57
Bölmə:Özəl | çapa göndər

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub
1990-cı il yanvar ayının 20-də paytaxt Bakıya və ölkənin bir sıra rayonlarına sovet ordusu hissələrinin cəza məqsədilə qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin törətdiyi ən qanlı aktlardan biri, insanlığa qarşı törədilmiş ağır cinayət idi.
Bu il xalqımız 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünü qeyd edir. Azərbaycan özünün igid oğul və qızlarının əziz xatirəsini böyük ehtiramla yad edir. Bu gün paytaxtımızın ən möhtəşəm məkanında müstəqilliyimiz uğrunda canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilmişdir. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli kimliyimizin təsdiqinin simvolu kimi bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olaraq qalacaqdır. Təsadüfi deyil ki, 2020-ci ilin noyabr ayında Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Azərbaycanın tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsində əldə etdiyi ən parlaq qələbənin, qədim Şuşa şəhərinin işğaldan azad olunmasının xəbərini xalqa çatdırmaq üçün məhz bu müqəddəs məkanı, Şəhidlər Xiyabanını seçmişdi. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə olmaqla yanaşı, eyni zamanda da ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixinə şərəfli bir səhifə kimi yazıldı, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.
20 Yanvar qırğını həmin dövrdə respublikamızda hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycan xalqını cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. 
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Məlum olduğu kimi, həmin il hələ yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Fatimə Talıbzadə,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024