Mobil versiya
Arzularımızın reallaşacağı o gün uzaqda deyil
Tarix: 16-01-2023 | Saat: 00:04
Bölmə:Özəl | çapa göndər

Arzularımızın reallaşacağı o gün uzaqda deyil

Bu gün əsrlər boyu dünya ictimaiyyətinə yazıq körkəm alaraq, özlərini humanist, əzilən bir xalq kimi təqdim edən ermənilərin iç üzü artıq açılmaqdadır. Törətdikləri terror, soyqırım, vandalizm kimi çirkin əməllərini ört-basdır eləməyə çalışan mənfur qonşularımız heç nəyə nail ola bilmədilər. Necə deyərlər pislik onların özlərinə qaldı. Zaman-zaman Azərbyaycanın qədim torpaqları olan Göyçə , Zəngəzurda məskunlaşan, çörəyimizi yeyərək bizimlə düşmənçilik mövqeyi seçən bu şərəfsizlər , yəqin ki, haqq,ədalətin bir gün bərqərar olacağından xəbərsiz idilər və ya inanmırdılar. Elə bunun nəticəsi idi ki, dişləri qana batan, quduzlaşmış ermənilər Azərbaycandan yeni-yeni ərazilər qopartmaq, “ Böyük Ermənistan” yaratmaq eşqilə yaşayırdılar. Amma Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu onların bu bədxah arzularının üstündən xətt çəkdi. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti tarixi əsrləri əhatə edir  və  hadisələri ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var." Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum olduğunu bildirən Cənab Prezident müasir dövrümüzdə onların hüquqlarının bərpa edilməli və əzəli torpaqlarına qayıtmalı olduqlarını bildirib. "Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. 
Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin noyabrında vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri yenidən "fəaliyyətə" başladılar. Yaxın keçmişimizdən bəllidir ki, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb.
Cənab Prezident proqram xarakterli çıxışında  Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsini birdirməklə yanaşı, onu da diqqətə çatdırıb ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik: "Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır".
Fəxrlə deyə bilərik ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yürüdülən düzgün , məqsədyönlü daxili və xarici siyasət öz bəhrəsini verir. Artıq əlçatmaz hesab etdiyimiz arzularımız çin olur və biz 200 il ərzində itirdiyimiz torpaqlarımıza sahib çıxırıq.

İnanırıq ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız , öz yurd-yuvalarına, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024